Ucuz, yoxsa SAXTA dərman - problemin KÖKÜNƏ NECƏ çıxmalı?
Adil Qeybulla: “Dövlət farmasiyası yaradılmalı, dərman preparatlarının hamısı oradan qeydiyyatdan keçməlidir”
Son vaxtlar bir çox hallarda xəstələr, eləcə də həkimlər dərmanların keyfiyyətindən şikayətlənirlər. Məsələn, əgər 10 il öncə hansısa kiçik ağrını bir dərmanla aradan qaldırmaq mümkün olurdusa, bu gün 2-3 dərmanla eyni nəticə əldə etmək mümkün olur.
Bəzən həkimlərin də dilindən eşidirik ki, müalicənin effektsiz olmasına səbəb həkim peşəkarlığı deyil, məhz dərmanların keyfiyyətsiz olması və yaxud ucuz dərmanlardır. Bəs əsl səbəb nədir - ucuz, yoxsa saxta dərman məsələsi?
Məlum olduğu kimi, Azərbaycana dərman preparatlarının böyük əksəriyyəti müxtəlif xarici ölkələrdən gətirilir. Ekspertlər də qeyd edir ki, bir çox hallarda həmin dərmanlar standartlara cavab vermir. Bəzən ucuz başa gəlməsi üçün onların tərkibindən əsas təsiredici komponentlərin miqdarı azaldılır ki, bu da dərmanın keyfiyyətsiz olmasına səbəb olur.
İddialara görə, dünyada saxta dərman dövriyyəsi 20-60 faizdir. Təbii ki, saxta dərmanlar ölkəmizə də ayaq aça bilir. Bu günlərdə nazirlik Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olduğu göstərilən “OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun saxta olduğunu aşkarladı. Araşdırma zamanı məlum olub ki, adıçəkilən şirkətin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi mövcud deyil və məhsul Türkiyə Səhiyyə Nazirliyi Dərman və Tibbi cihaz qurumu (TİTCK) tərəfindən dövlət qeydiyyatına alınmayıb.
Doğrudur, Səhiyyə Nazirliyi bir neçə dəfə açıqlama verərək bəyan edib ki, 2005-ci ildən keyfiyyətsiz dərmanların ölkəyə buraxılması tamamilə məhdudlaşdırılıb, problemlə bağlı apteklərdə vaxtaşırı reydlər keçirilir. Bununla belə, yenə bəzi işbazlar dərman bazarına keyfiyyətsiz dərmanlar daxil edə bilirlər.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışdı: “Bəli, tez-tez rastlaşırıq ki, xəstəyə müalicə tətbiq edirik, lakin müalicənin keyfiyyəti qaneedici olmur. Bu zaman dərmanların keyfiyyətsiz olması şübhələri yaranır. Hazırda dərman bazarında keyfiyyətsiz dərmanlar da var. Onlar bəzən ayrı-ayrı şəxslər tərəfindən gətirilir. Ümumiyyətlə, dərman təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Yəni, bu məsələ çox həssasdır. İldən-ilə dərmanlara olan münasibət, dərmanların təsirsiz olması məsələsi o qədər həssaslaşıb ki, artıq dövlətin müəyyən strukturları tərəfindən də qənaət formalaşıb. Hesab edirəm ki, dövlət farmasiyası yaranmalıdır. Dərmanlarin hamısı ordan qeydiyyatdan keçməli, ictimaiyyətə açıq olmalı, ictimaiyyətin nəzarətində olmalıdır”.