OMBUDSMANnın MAAŞI artırıldı - 2230 MANAT

81 yaşlı Elmira Süleymanova həm də media ombudsmanı vəzifəsini daşıyır....

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılıb.

Musavat.com-un məlumatına görə, bununla bağlı Milli Məclisin noyabrın 27-də keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilib. Dəyişikliyə görə, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. Hazırkı qanunvericilikdə isə belədir: “Müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır”.

Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək. Ombudsmanla bağlı qanuna dəyişiklik II oxunuşda qəbul edilib.

Hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) 81 yaşlı Elmira Süleymanovadır. Ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni ombudsmanın seçilməsi ilə bağlı layihənin parlamentin 2017-ci il payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi. Ancaq yeni ombudsman seçkisi təxirə düşdüyündən Elmira Süleymanova hələ ki fəaliyyətini davam etdirir. O, iki dəfə 2002 və 2010-cu illərdə ombudsman seçilib.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Qanuna görə, iki dəfə ombudsman seçildiyi üçün E.Süleymanovanın üçüncü dəfə müvəkkil olmaq hüququ yoxdur. Qanunvericilikdə dəyişiklik olmasa, Elmira Süleymanovanın səlahiyyət müddəti artırıla bilməz. Əvvəllər ombudsman bir dəfə seçilə bilərdi. Sonradan isə qanunvericilikdə dəyişiklik oldu və “bir dəfə” sözü götürüldü. İndi isə qanuna görə, iki dəfədən artıq ola bilməz. Eyni şəxsin iki dəfədən artıq ombudsman olması ancaq qanunda dəyişiklik edilərsə mümkündür.

Bəs ombudsmanın səlahiyyətləri nələrdir? Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə prezidentinə təkliflər verə bilər. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkə bilər. 2015-ci ildə qanuna edilən dəyişiklikdən sonra Ombudsman Aparatının səlahiyyəti artırılıb. Belə ki, dəyişikliyə görə, aparatda milli preventiv qrup yaradılıb və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər. Qanuna görə, müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.

Bundan əlavə, Ombudsman Aparatına qadağan olunan hallar da var. Belə ki, İnsan hüquqları üzrə müvəkkil ölkə prezidentinin, Milli Məclisin deputatlarının və məhkəmə hakimlərinin fəaliyyətini yoxlaya bilməz. Şəxsin ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi varsa, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edirsə, ödənişli fəaliyyəti varsa, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilibsə, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunubsa, yaşı 30-dan aşağıdırsa, o, ombudsman ola bilməz. Ombudsman siyasi fəaliyyətlə məşğul ola və siyasi partiya üzvü ola, hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Əgər sadalanan namizəd kimi təqdim edilən şəxs bu vəzifələrdən hər hansı birini tutursa, müvəkkil seçildiyi təqdirdə həmin vəzifələrdən istefa verməlidir.






Fikirlər