Bakıda koronadan “qoruyan” Çin məhsulu 50 MANATA QALXDI

İmmun sistemini gücləndirmək üçün yeyilməsi vacib olan ərzaqlar arasında alimlər zəncəfilin adını da qeyd edirlər. Bu günə qədər təxminən 5-8 manat civarında satılan zəncəfil koronavirus infeksiyası yayıldığı gündən çox istifadə edildiyi üçün bazarlarda 50 manata qədər bahalaşıb. Bu isə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov zəncəfilin Azərbaycana Çindən gətirildiyini bildirib.

E.Hüseynov deyib ki, qiymətin bu qədər yüksəlməsində heç bir təəccüblü məqam yoxdur. Bu, bazar qaydalarından irəli gəlir:

Zəncəfilin qiymətinin artması və kiloqramının 45-50 manata satılması ilə bağlı bizə də çoxsaylı müraciət daxil olub. Hamı qiymətin artması ilə bağlı şikayət edir. Burada əslində təəccüblü bir şey yoxdur. Bu, bazar qaydalarıdır və zəncəfilin qiymətinin bu qədər yüksəlməsi süni qiymət artımı deyil. Bu, tələb və təklifdən irəli gələn məsələdir. Sarımsağın da qiyməti məhz bu şəkildə artmışdı. Sərbəst bazar iqtisadiyyatıdır və bu məhsulun satışı ilə bağlı konkret olaraq göstəriş, qiymətlə bağlı tapşırıq olmadığına görə, hər bir sahibkar bunu istədiyi qiymətə təklif edir”.

E.Hüseynov bildirib ki, qiymətin bu qədər artımından narazı olan vətəndaşlar İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. Müraciətlər çoxluq təşkil edərsə, bununla bağlı mütləq şəklildə dövlət addım atacaq:

Tibbi spirtin və maskanın da qiyməti artırılmışdı. Onunla bağlı cərimələr tətbiq edildikdən sonra qiymətlər əvvəlki səviyyəyə qayıtdı. Hesab edirəm ki, zəncəfilin qiyməti ilə bağlı da müəyyən qayda tətbiq edilsə, bu kimi hallar baş verməz. İqtisadiyyat Nazirliyinin Antiinhisar Departamenti bununla bağlı konkret işlər görə bilər”.






Fikirlər