AKSİYALARA SƏBƏB OLAN deputat: ŞOK DOSYE prezidentdə

Aksiyalara səbəb olan deputat: Şok dosye prezidentdəDeputat Əsabil Qasımovun un bazarında yaratdığı ajiotaj və monopoliya, ardınca buna etiraz olaraq əyalətlərdə başlanan kütləvi aksiyalar onun başına bəla açıb.

 Azərtaym.az xəbər verir ki, vizual.az-a daxil olan məlumata görə, “Karat” holdinq sahibinə deputat həmkarı Fəzail Ağamalının da sərt təpki göstərməsi, onu inhisarçı adlandırması və rayonlardakı aksiyalara görə ittiham etməsi Ə.Qasımovun vəziyyətini ağırlaşdırıb. Biznesmen deputatın un məmulatlarını süni şəkildə bahalaşdırmasına görə Ağcabədi, Siyəzən, İmişli, Quba və digər regionlarda etiraz aksiyaları keçirilib.

Deputatın ölkə başçısının və dövlətin iqtisadi siyasətinə zidd fəaliyyəti onun işini çətinləşdirib. Ə.Qasımovun barəsində dosye hazırlandığı və prezidentin şəxsən özünə təqdim olunduğu iddia edilir. Hətta ona ciddi xəbərdarlıq edildiyi də deyilir. Məlumatda deyilir ki, deputatın manatın devalvasiyası fonunda yaranmış gərginlik ərəfəsində süni qiymət artımına yol verməsi və əhalini hakimiyyətin üzərinə qaldırması onun adını “qara siyahı”ya salıb.

Ölkədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin cərəyan etdiyi bir vaxtda Ə.Qasımovun un şirkətinin qiymətləri qaldırması xalqla hökuməti üz-üzə qoyub. Bu bağışlanmaz xətası və əsassız addımına görə deputat hökumətin yuxarı eşalonundakıların qəzəbinə tuş gəlib.

Ölkə başçısının süni bahalaşmaya gedənlərin cəzalandırılacağı haqda xəbərdarlığına məhəl qoymayan Ə.Qasımovun şirkəti böhrandan mənfəətlə çıxmağı hesablayıb. Bu da azmış kimi, deputat biznesi olduğunu da ictimaiyyətdən gizlətməyib. Halbuki, deputat mandatı olan şəxsin bizneslə məşğul olması qanunla qadağandır. Onun böyük biznes şəbəkəsinə malik olduğu, bir neçə gəlirli sahəni inhisarında saxlaması artıq heç kimə sirr deyil.

Halbuki qüvvədə olan müvafiq qanunvericiliyə görə, millət vəkillərinin, dövlət məmurlarının, vəzifəli şəxslərin şəxsi bizneslə məşğul olmaları qəti qadağandır. Lakin Əsabil Qasımov və onun kimi düşünən digər vəzifə sahibləri, dövlət qulluqçuları hələ də qanunlara məhəl qoymadan biznes fəaliyyəti ilə məşğul olurlar. Halbuki millət vəkilinin birbaşa işi, üzərinə düşən əsas vəzifəsi parlamentdə vətəndaşların, seçicilərinin problemlərini, vətəndaşların sosial narazılıqlarının həlli ilə məşğul olmaq, həmin problemləri gündəmə gətirməklə dövlətin aidiyyatı orqanlarının diqqətini onların həllinə yönəltməkdir.

Əsabil Qasımovun oğlu Taleh Qasımov tərəfindən idarə olunan “Karat Holdinq” özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir. Ə.Qasımovun rəhbəri olduğu və oğlu tərəfindən idarə edilən “Karat Holdinq” MMC devalvasiyadan qabaq 18 manata olan 50 kiloluq un kisəsini 27,50 manata qaldırmışdı. Un bazarında panika yaradan deputatın şirkəti prezidentin tapşırıqlarına qarşı gəlmişdi.

Ə.Qasımov isə özünəarxayın şəkildə süni qiymət artımına yol verməkdən çəkinməyib. Prezidentə çatdırılan materiallarda son hadisələrdən hansı monopolist oliqarx və məmurların sui-istifadə etdiyi haqda faktlar toplanıb. Məlumatlı mənbə qeyd edir ki, siyahıda Ə.Qasımovun şirkəti də yer alıb.

Deputatın ölkə başçısının göstərişlərinə əks olaraq addım atması və ağır vəziyyətdə açəq-aşkar sabotajla məşğul olması yuxarı dairələrin diqqətindən yayınmayıb. Daxil olan məlumatda iddia olunur ki, ölkə başçısı süni ajiotaj yaradan və kəmfürsətlik edən məmurlar haqda ölçü götürəcək. Ə.Qasımovun un bazarında təşviş yaratması, əhalini çətin vəziyyətə salması və belə vaxtda narazı kütləni aktivləşdirməsi hökumətin iqtisadi siyasətinə xəyanət kimi qiymətləndirilir.

Qeyd edək ki, Ə.Qasımov müsahibəsində bunları söyləyib: “Biz unu 27-yə satmırıq. Əvvəla, bütün zavodlar 25.50-26 manata satır. Bu, İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılıb, əhalinin vəziyyəti, devalvasiyanın həcmi nəzərə alınıb. Əslində, baha satılmalıdır, ancaq satılmır. Bəli, un 18.50-yə, yaxud 19 AZN-ə idi. Təbii ki, keyfiyyətindən asılı olaraq. Əvvəllər, yəni 18.50 AZN-i 1.05-ə bölürdük, edirdi 17.60 AZN. İndi bunu 1.56-ya vurmalıyıq – yəni nəticə 27.48 olur. Əvvəlki qiymətlə müqayisədə vəziyyət belə olmalıdır.
Bu gün un bazarı tamamilə açıqdır. Azərbaycanda 30-dan çox zavod var. O zavodlara fəaliyyət göstərməyə də heç kəs mane olmur. Un bazarında monopoliya adında şey yoxdur. Azərbaycanda 30 zavod un istehsal edir. 30 zavod məhsul istehsal edirsə, burda monopoliyadan söhbət gedə bilərmi? Mənim biznesimdə, un istehsalımda nə monopoliya, nə də maneə yoxdur”.

Deputat biznesi olduğunu qeyd edir və üstəlik, monopoliya yaratmadığını iddia edir. Gəlin baxaq “Karat Holdinq”in tərkibinə hansı şirkətlər daxildir: ”Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s.

Bunlar Əsabil qasımovun sadəcə bizə məlum olan şirkət, fabrik və binalardır. Lakin deputat-oliqarxın bunlardan başqa saysız-hesabsız əmlaka və mülklərə də sahib olduğu hər kəsə məlumdur.






Fikirlər