TEHRAN Vaşinqtonun irəli sürdüyü 12 təklifi RƏDD ETDİ
ABŞ-ın İran siyasəti bölgədə gərginliyi daha da artıracaq Mayın 21-də ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun İrana qarşı tələblərini elan edib. Vaşinqtonda çıxış edən Pompeo Tramp administrasiyasının İranla münasibətləri qaydaya salmaq üçün irəli sürdüyü 12 tələbi elan edib. M.Pompeo bildirib ki, bu tələblər yerinə yetirilərsə, ABŞ İranla münasibətləri qaydaya salmağa hazırdır, əks təqdirdə, Vaşinqton İrana qarşı ən ağır, tarixdə misli görünməmiş sanksiyalar tətbiq olunacaq. Qeyd edək ki, mayın 8-də prezident Tramp İranla 2015-ci ildə imzalanmış nüvə anlaşmasından çıxdığını bəyan edib. ABŞ prezidenti İranın nüvə silahı ilə yanaşı raket proqramını dayandırmalı olduğunu, habelə Yaxın Şərqdə fəaliyyətlərini dayandırmalı olduğunu bildirib. Yalnız bundan sonra ABŞ İranla yeni anlaşma imzalaya bilər. Pompeonun elan etdikləri isə konkret sahələrdəki fəaliyyətlər olub. Bu tələblərə əsasən İran nüvə istehsalı ilə bağlı bütün fəaliyyətlər, o cümlədən uranın zənginləşdirilməsində istifadə olunan uranla saflaşdırılmış ağır su istehsal edən müəssisələri bağlamalıdır. İran ballistik raket fəaliyyətlərini dayandırmalı, İranda həbs olunmuş amerikalılar azad edilməlidir. Tələblərdən biri də Hizbullah, Ənsarullah, Həmas, İslami Cihad, Taliban və regionda qeyri-sabitlik yaradan bütün silahlı qruplara dəstəyini dayandırmalıdır.
İran Suriyadan hərbi qüvvələrini çıxartmalı, İsraili təhdid etməkdən əl çəkməlidir. İraqın müstəqilliyinə hörmət etməli, daxili işlərinə qarışmamalıdır. Eyni zamanda İran hökumətinin “Həşdi-Şabi” və Taliban qruplaşmalarına dəstəyi dayandırmalı, «əl-Qaidə»nin rəhbərlərinə İranda sığınacaq verməməlidir. Eyni zamanda Pompeo bildirib ki, nüvə anlaşmasından sonra İrana qarşı sanksiyalar götürülüb və Tehranın bağlanmış hesabındakı pullar qaytarılıb. Nəticədə İran hökuməti əldə etdiyi gəlirləri Yaxın Şərqdəki fəaliyyətlərə sərf edərək ciddi nəticələr əldə edib. Bu səbəbdən də tələblərdən biri də SEPAH Qüds korpusu dünyadakı terror qruplarına dəstəyi dayandırmalı, dövlət səviyyəsində olan haker hücumlarına son verməlidir. Pompeo deyib ki, İran bu şərtləri qəbul edib, siyasətini dəyişməsə, ona qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək. ABŞ dövlət katibinin sözlərinə görə, İranda böyük dəyişikliklər olarsa, ölkəsi bütün sanksiyaları aradan qaldırıb, diplomatik və ticarət əlaqələri yenidən bərpa etməyə hazırdır. Ancaq irəli sürülən tələblər siyahısına baxdıqda aydın olur ki, bu təklifin reallaşması mümkün deyil. Bu, İranın tamamilə xarici siyasət doktrinindən imtina etməsi, dövlət siyasətini dəyişməsi deməkdir. Bu isə mümkün deyil. Bu səbəbdən də İran hakimiyyəti Pompeonun bəyanatına sərt reaksiya verib. Prezident Həsən Ruhani deyib ki, Vaşinqton administrasiyası 2000-ci illərin əvvəllərində olduğu kimi təzyiq siyasətinə geri dönmək istəyir. Eyni zamanda o, dünya ölkələrinin artıq ABŞ-ın diktə siyasətini qəbul etmədiyini bildirib. Sitat: “Siz kimsiniz ki, İran və dünyaya diktə edirsiniz?” Artıq Pompeonun hədəfində olan İran ordusunun rəhbərliyi də açıqlama yayaraq bu tələbləri rədd edib. Məsələ ondadır ki, İranın hazırkı siyasi sistemi müsəlman aləmində müqavimət cəbhəsi adı verilən siyasi islamçı hərəkatlara dəstək verir. Fələstin məsələsi, Yaxın Şərqin müsəlman ölkələrində islamçı hərəkatlar İran üçün siyasi-ideoloji xətt olaraq keçir. Yəni nəzəri olaraq İranın özünə qapılması mümkün deyil. Baxmayaraq ki, daha əvvəl keçmiş prezident Rəfsəncani və “islahat” xəttindəki bir çox siyasi xadimlər bu ideyanı dəstəkləyib. ancaq İranın siyasi-dini rəhbərliyi də yaxşı anlayır ki, hazırda dayandığı xətdən geri çəkilsə, “savaş” İranın ərazisinə keçəcək. Çünki həm bölgədə, həm də dünyada İrana qarşı ciddi bir cəbhə formalaşıb. Bu mənada Vaşinqton administrasiyasının İrana qarşı irəli sürdüyü tələblər ilk baxışdan da göründüyü kimi, reallaşdırılması mümkün olmayan tələblərdir. Belə görünür ki, bunu Vaşinqtonda da yaxşı bilirlər. Ancaq hazırkı administrasiya məhz görmək istədiyi İranın xüsusiyyətlərini qeyd edib. Yəni Yaxın Şərqdə islamçı qruplara dəstək verməyən, ballistik raket, nüvə proqramları olmayan, İsrailə qarşı fəaliyyətləri dəstəkləməyən, özünə qapanmış ölkə. Tehran isə buna razı olmayacaq. Bu isə o deməkdir ki, Həsən Ruhaninin dediyi kimi, İran-ABŞ münasibətləri 2000-ci ilin əvvəllərində, Corc Buşun hakimiyyəti dövründə olduğu şəklinə dönəcək. ABŞ İrana qarşı hərbi variant da daxil olmaqla çoxsaylı təzyiq vasitələrini işə salacaq, embarqolar gündəmə gələcək. Noyabra qədər Vaşinqton İrana qarşı keçmiş sanksiyaları bərpa edəcək və yeni sanksiyalar tətbiq edəcək. Bu isə Yaxın Şərqdə birbaşa silahlı toqquşmaların, sui-qəsdlər, casus müharibələrini şiddətləndirəcək. Yeri gəlmişkən, iki gün əvvəl 3 ABŞ hərbçisi Suriyada minaya düşərək ölüb. Eyni zamanda iranlı hərbçilərin olduğu baza bombalanıb. Ehtimal ki, Suriya, Yəmən kimi müharibə ölkələrində toqquşmalar daha da amansızlaşacaq. İran XİN bəyan edib ki, Suriya hakimiyyəti istəyənə qədər İran ordusu Suriyada qalacaq. Vaşinqton isə bir daha bəyanat yayaraq Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı əməliyyatını dəstəkləyib. Görünür ki, gərginlik daha da yüksələcək.