YouTube televizoru məhv edir...

YouTube televizoru məhv edir...YouTube saytı artıq tamaşaçı sayına görə ABŞ-ın bütün kabel televiziyalarını ötüb: əsas tamaşaçı auditoriyası - 18-49 yaşlılar arasında ən çox baxılan platforma məhz YouTube videosaytıdır.

YouTube-nin sahibi olan Google şirkətinin məlumatına görə, son bir ildə YouTube-nin ana səhifəsinin ziyarətçilərinin sayı üç dəfə artıb. Üstəlik, son bir ildə bir ziyarətçinin saytda keçirdiyi vaxt 60 faiz çoxalıb.

YouTube saytına mobil cihazlardan girişin statistikası bir il ərzində iki dəfədən çox yüksəlib.

Sayta mobil cihazdan girənlər burada 40 dəqiqədən çox vaxt keçirirlər, bu da son bir ildə 50 faiz artım deməkdir.

Əlvida, televizor!

Bu rəqəmlər video kontentin mənimsənilməsi ilə bağlı baş verən dəyişikliyi aydın göstərir. Bizlər artıq divanda uzanıb saatlarla böyük televiziya ekranının qarşısında vaxt keçirmirik.

Biz başqa platformalara köçmüşük - telefonların və tabletlerin ekranlarına. YouTube-da bir istifadəçinin qalma vaxtının 40 dəqiqəni keçməsi o deməkdir ki, biz artıq bu sayta bir videoya baxıb getmirik, videolar dalbadal düzülüb, biz də onlara məmnuniyyətlə baxırıq.

Gənc istifadəçilər üçün isə YouTube artıq TV-ni tam əvəz edib. “Miner&Co” şirkətinin araşdırmasına görə, valideynlərin 57 faizi uşaqlarının əyləncə proqramlarına TV-də yox, mobil cihazlarda baxmaq istədiklərini deyib.

“Televizor cəzası” ilə böyüyən nəsil yetişir

Uşaqların 58 faizinin özünün şəxsi tableti var. Araşdırma göstərib ki, uşaqların yarısını cəzalandırmaq üçün tabletlərini əllərindən alırlar və onları televizorun ümidinə qoyurlar - “televizor cəzası” ilə böyüyən nəsil yetişir. ABŞ-da yeniyetmələr də YouTube ulduzlarını Hollivud ulduzlarından daha çox bəyənirlər.

4G xidməti genişləndikcə, mobil telefonların ekranları böyüdükcə böyüklər də TV-dən YouTube-a köçürlər.

“eMarketer”in araşdırmasına görə, 2015-ci ildə ABŞ-da böyüklər hər gün 5 saat 31 dəqiqələrini videoya baxaraq keçirir. Bunun isə 1 saat 16 dəqiqəsi kompüter və mobil cihazlarda baxılan video parçaların payına düşür.

YouTube saytının tamaşaçıları artdıqca reklamvericilərin də sayı çoxalır. Son bir ildə YouTube-nin reklamı 40 faiz yüksəlib.

Hərçənd bu ilin əvvəlində “Wall Street Journal”yazmışdı ki, YouTube mənfəətlə işləmir.

“Google” isə bu haqda sualdan yayınıb. Bildirib ki, YouTube saytının izləyicilərinin artması reklamvericilərin sayını artıracaq ("Azadlıq" radiosu)
.






Fikirlər