Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni tərk edən və ya getməyi planlaşdıran bütün dövlət qulluqçularına müraciət edərək, onları 24 saat ərzində geri qayıtmağa çağırıb, çünki xalq onlara “ölkəni idarə etməyi və onu qorumağı” əmanət edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
"Mən ölkəni tərk etmiş və ya yaxın gələcəkdə bunu etməyi planlaşdıran bütün dövlət nümayəndələrinə, dövlət qulluqçularına, bütün səviyyələrdə olan xalq deputatlarına müraciət edirəm: Ukrayna xalqı sizə təkcə dövləti idarə etməyi deyil, həm də onu qorumağı etibar edib, belə bir vəziyyətdə "bizimlə, Ukrayna xalqı ilə birlikdə olmaq sizin birbaşa borcunuzdur. İndi sizi 24 saat ərzində Vətənə qayıtmağa və Ukrayna ordusu ilə, diplomatiyamızla, xalqımızla birlikdə çiyin-çiyinə dayanmağa dəvət edirəm”, - Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.
Zelenski eyni zamanda daha əvvəl Ukraynanı tərk etmiş oliqarxlara müraciət edib. O bildirib ki, bu gün hər kəs Ukrayna vətəndaşı kimi sınaqdan keçirilir. Prezident iş adamlarını belə bir sınaqdan ləyaqətlə keçməyə çağırıb.
"Sizin gücünüz pulunuzda, təyyarələrdə deyil, göstərə biləcəyiniz vətəndaş mövqeyindədir. Xalqınıza və ölkənizə qayıdın, hansıların ki, sayəsində fabriklər aldınız, sərvətlər topladınız", - dövlət başçısı əlavə edib.
Volodimir Zelenski həmçinin ölkə mediasına müraciət edərək, onları ölkədən qaçan sahibləri üçün deyil, Ukrayna üçün işləməyə çağırıb.
Fikirlər