“KREML HƏR İL 100 MİN ƏSGƏR İTİRMƏYƏ HAZIRDIR...” – “Rusiya müharibəni 2026-cı ilə qədər davam etdirmək istəyir”
“Rusiya 2026-cı ilə qədər Ukraynada hərbi əməliyyatları davam etdirmək niyyətindədir və bu müddət ərzində Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərinin əksər hissəsini, o cümlədən onların regional mərkəzlərini tutmağı planlaşdırır”. “AzPolitika.info” xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşrinin tanınmış hərbi analitiki Julian Röpke kəşfiyyat mənbələrinə istinadla yazıb. Röpke qeyd edir ki, Kremlin atəşkəs və sülh çağırışları sadəcə, görüntü yaratmaq və dünya ictimaiyyətini aldatmaq məqsədi daşıyır: “Bu məlumatlara görə, Rusiya hakimiyyəti Qərbin Ukraynaya dəstəyinin azalmasına ümid edir və dünya ictimaiyyətini Rusiyanın “sülh niyyətləri” ilə çaşdırmaq, sülh danışıqları imitasiyası yaratmaq istəyir. Ancaq əslində, Kreml heç bir atəşkəs planlaşdırmır və Ukraynadakı müharibə ilə bağlı yeni orta müddətli plan hazırlayır. Beləliklə, 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası Donetsk və Luqansk vilayətləri üzərində tam nəzarəti ələ almağı və Xarkov vilayətində Oskol çayına çatmağı planlaşdırır. 2026-cı ilin sonuna qədər isə Rusiya qərbə - Dneprə doğru irəliləməyi və Xarkov, Dnepr, Zaporojye şəhərləri də daxil olmaqla Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərinin əhəmiyyətli hissəsini tutmağı planlaşdırır”. Bununla yanaşı, qeyd olunur ki, Rusiyanın Dneprin sağ sahilinə keçmək, yenidən Xerson şəhərini ələ keçirmək və Odessanı tutmağa cəhd etmək fikri yoxdur: “Xerson cəbhəsində Xerson və ya Odessaya hücum etmədən müdafiəni Dnepr boyunca saxlamaq planlaşdırılır. Dneprdən soldakı bütün şərq əraziləri 36 ay ərzində zəbt edilməlidir. Nəticədə Dnepr çay yeni cəbhə olacaq". Həmçinin, kəşfiyyat məlumatlarına görə, Rusiya hakimiyyəti bu məqsədlərə çatmaq üçün Ukraynada hər il 100 minə qədər əsgər itirməyə hazırdır.