ZİBİLƏ GÖRƏ 600 manat cərimə aldı - ZƏRDABDA
Zərdab rayonu Gödəkqobu kəndi ərazisindən keçən kollektora tullantılar atılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, bu barədə “Qaynar xətt”ə daxil olan şikayət əsasında araşdırma aparılıb. Araşdırma zamanı fakt təsdiqini tapıb. Tullantıların kənd sakinləri Nazir Nağıyev, Mahir Rzayev, Araz Əzizov, Sabit Eyvazov və Həmzət Davudov tərəfindən kollektora atıldığı müəyyən olunub. Faktla bağlı kənd sakinləri barəsində protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən qanun pozucularının hər biri 600 manat məbləğində cərimə olunub. Tullantıların kollektora və suvarma arxına atılmasının qarşısının alınması üçün Gödəkqobu bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.