Köhnə binalarda həyəti hasarlamaq 10 min, eyvan artırmaq 5 min manatdır - REPORTAJ, FOTOLAR

Köhnə binalarda həyəti hasarlamaq 10 min, eyvan artırmaq 5 min manatdır - REPORTAJ, FOTOLAR

Bakıda binaların qarşısının hasarlanması, satılması adi hala çevrilib. Paytaxtın istənilən rayonunda köhnə beş və doqquz mərtəbəli binaların həyətinə nəzər salsaq, bunun şahidi olarıq. Ən acınacaqlı məqam isə odur ki, bu hasarlanmalar və binaların həyətinin özəlləşdirilməsi həmin ərazidə yaşayan sakinlər tərəfindən həyata keçirilir. 

Əksər binaların birinci mərtəbəsinin qarşısına binaya bitişik birmərtəbəli evlər tikilir. Təbii ki, bütün bu qanunsuzluqlar aidiyyatı qurumların razılığı ilə həyata keçirilir. Əks halda, hər kəs bilir ki, Bakıda daşı-daş üstə qoymaq mümkün deyil. Bəs görəsən, sakinlər yaşadıqları binanın qarşısını necə zəbt edirlər? 
Musavat.com-un müxbiri bu sualların izi ilə Xətai rayonu ərazisində 10-a yaxın binaya baş çəkib və problemin nədən qaynaqlandığını öyrənməyə çalışıb.
Xətai rayonunda, Həzi Aslanov küçəsi boyunca binaların qarşısı sakinlər tərəfindən zəbt edilib, hasarlanaraq özəlləşdirilib. Bina boyunca dəmir və taxta hasarlar çəkilib. Bu hasarların arxasında toyuq-cücə saxlayan kim, bağ-bağça salan kim, əkin əkən kim, göyərçin saxlayıb, satan kim... 
 
Fürsət tapıb, bina sakinləri ilə də həmsöhbət olduq. Onlar binanın həyətinin bu şəkildə olmasından narazılıqlarını bildirdilər: "Mən yuxarı mərtəbələrdə yaşayıram. Ancaq istirahət üçün həyətə düşüb, uşaqları gəzdirirəm. Gördüyünüz kimi, hər tərəfi hasarlayıblar, nəfəs almağa belə, həsrət qalmışıq. Toyuq-cücənin iyindən evdə durmaq olmur. Binanın qarşısında 20-yə yaxın qaraj var. Hərə içində bir şey saxlayır. Hələ bağ salanları demirəm. Yay aylarında isə binanın qabağı cəngəlliyə dönür, çoxlu ilan olur. Çoxları it saxlayır. Natəmizlik hamımızı narahat edir". 
Qeyd edək ki, həqiqətən də əksər binaların qarşısındakı bağlar baxımsız olduğundan cəngəllikləri xatırladır.
 
Adının çəkilməsini istəməyən şəxs vəziyyəti belə izah etdi: “Vaxtı ilə binanın həyətini pul verib alıblar, indi də istədiklərini edirlər. Köçdükdə isə mənzilinin üstündə binanın həyətini də satırlar. Bu ətrafdakı binalarda özbaşınalıqdır. Mənzilin eyvanını 2x3 metr artırmaq üçün ən azı 4-5 min manat xərcin çıxmalıdır. Binanın həyətində isə təqribən 1 sotluq ərazi, qarajla bir yerdə 5-10 min manata satılır. Bu qiymətlər isə rayondan asılı olaraq dəyişir. Bu isə heç bir sənəd olmadan, qeyri-qanuni yolla həyata keçirilir. Vəziyyət budur”.
Bütün bu mənzərələrin sözlə şərhinə ehtiyac görmürük. Fotolarda hamısı əksini tapıb. 
Həmsöhbətim isə deyir ki, binanın qarşısındakı acınacaqlı durumu aşağı mərtəbələrdə yaşayan sakinlər edir: “Birinci mərtəbələrdə yaşayan qonşular "JEK"ə rüşvət verib, evlərinin qarşısını artırırlar. Binanın həyətində istədikləri qanunsuz işləri aparırlar. Qonşular narazılığını bildirəndə isə əllərində "sənəd" göstərək, qanuni iş apardıqlarını bildirirlər. Bilmirik ki, dərdimizi kimə və hara deyək. Özünüz də baxa bilərsiniz, binanın yan hissəsində “moyka” açıblar. Həmin “moyka”nı işlətmək üçün 30 min manat pul alıblar. Bu barədə bütün bina sakinləri bilir. Kimi dindirsən, "qarajımın  sənədi var" deyir. Binanın qarşısında “moyka” və ya qaraj qoymaq üçün necə sənəd verirlər, anlamırıq. Bu, hansı qanunda belə yazılıb, axı..? Xahiş edirik ki, aidiyyatı qurumlar bununla maraqlansın".
Bir qədər irəlilədikcə, Həzi Aslanov küçəsindəki beşmərtəbəli binada eyvanını qeyri-qanuni yolla artıran mənzil görürük. Belə ki, mənzil sahibi otaqları böyütmək üçün eyvanını binadan 3-4 metr irəli çıxarıb. Eyvanın kimə məxsus olduğunu öyrənməyə çalışdıq. 
Sakinlərin dediyinə görə, mənzilin sahibi Bakı şəhərinin meri Hacıbala Abutalıbovun qohumdur. Dəqiqləşdirmək üçün bir neçə şəxsdən də soruşduq. Bildirdilər ki, mənzilin sahibi Əfruzə Şükürova Bakı meri Hacıbala Abutalıbovun doğma bibisi qızıdır və vaxtı ilə uşaq poliklinikasında həkim işləyib. Hazırda təqaüdçüdür. O, yaşadığı binanın qarşısını özəlləşdirib, böyük bir sahəni zəbt edib. İllər öncəsində bu ərazini daşla hördürüb. Heç kimin də nəsə deməyə cəsarəti çatmayıb. 
Çəkiliş zamanı da Əfruzə Şükürovanın mənzilinin qarşısına hündür daş hasar çəkdirdiyinin və böyük bir yaşıllıq saldığının şahidi olduq. Təqribən 3-4 sot ərazini qanunsuz yolla zəbt edib. Bundan başqa, digər qonşuların da eyvanının qarşısını alıb. Ən dəhşətli məqam isə odur ki, hasarı binanın sol hissəsindən 2 metr aralıda bünövrə salaraq, tikib. Əlavə olaraq, mənzilə daxil olmaq üçün bayırdan da qapı qoydurub. İnsanların və nəqliyyatın hərəkət etdiyi asfalt yolun bir hissəsini də ərazisinə qatıb. Bu səbəbdən də, həmin hissədə avtomobillər rahat hərəkət edə bilmirlər.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla əlaqə saxlamaq istək də, Bakı meri zənglərimizə cavab vermədi. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 






Fikirlər