“QARABAGLA bağlı mövqeyimiz qətidir” - Çavuşoğludan Rusiyaya cavab
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk qrupu həmsədrlərinin üzərinə vacib vəzifələr düşür”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda BMT Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən iclasda deyib. XİN rəhbərinin sözlərinə görə, Minsk qrupu istəsə, bu problem qısa müddətdə həll oluna bilər: “Ermənistan siyasi həll istəmədiyi üçün atəşkəsi pozub. Azərbaycan birtərəfli qaydada atəşkəs elan edərək münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bütün dünyaya göstərdi. Ermənistanın bu mənfi yanaşması heç kim tərəfindən mükafatlandırılmamalıdır”. Nazir əlavə edib ki, rəsmi Ankaranın Qarabağla bağlı mövqeyi son dərəcə qətidir: “Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Amma hər zaman qardaş Azərbaycanın yanındayıq və bütün şərtlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Qarabağ problemi, Azərbaycanın işğal olunmuş torpaq problemi BMT və digər təşkilatların qərarlarında olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində diplomatik və sülh yolu ilə həll olunmalıdır”. Çavuşoğlu Qarabağda münaqişənin alovlanmasında Türkiyənin rolu olmasına dair Rusiya rəsmilərinin iddialarına cavab verib: “Rusiya rəsmilərinə cavab verəsi deyiləm. Bu kimi iddiaları yersiz hesab edirəm. Türkiyənin bu məsələdəki mövqeyi bəllidir. Atəşkəsi Ermənistan pozub. Biz Ermənistan rəhbərliyinə zəng edib və ya görüşüb “qardaş Azərbaycana hücum edin dedik?”. İddianın da bir ciddiliyi olmalıdır. Atəşkəsi kimi pozduğuna baxdığınızda, onun arxasında kimin durduğunu çox gözəl görə bilərsiniz. Qarabağ münaqişəsinin yaranmasında məsuliyyət daşıyan şəxslərdən müsbət yanaşma və ya siyasi həll gözləmək çox böyük nikbinlik olardı”.//Azvision.az