ANS-çilər kanalın açılacağına inanırlar – əməkdaşlar “YENİ MÜSAVAT”a danışdılar

ANS-çilər kanalın açılacağına inanırlar – əməkdaşlar “Yeni Müsavat”a danışdılar

Elgiz Əkbər: “İnanıram ki, prezident kanalın açılması üçün göstəriş verəcək”; Ulvira Qarayeva: “Biz kanalın açılacağını gözləyirik”

Murad Əzimzadə: “ANS-in açılacağı ilə bağlı bir fikir söyləmək çətindir”

İyulun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. ANS rəhbərliyi bu qərarı ədalətli qərar hesab etmədiyini bildirib və Ali Məhkəməyə müraciət edib.

Bir çoxları düşünür ki, ANS telekanalı bir müddət sonra açılacaq. TV-nin  internet televiziyası variantına keçə biləcəyini, həmçinin, kollektivin başqa adla kanal açacağını söyləyənlər də var. 

Xatırladaq ki, kanalın qapadılma səbəbi kimi, ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsi göstərildi və bu müsahibənin efirə verilməməsi üçün telekanalın qapadıldığı deyildi. 

Qənirə Ataşova təmsil etdiyi telekanalın lisenziyasının məhkəmə qərarı ilə ləğv olunması, bu hadisəyə görə adının hallanması, eləcə də Fətullah Gülənin keçirdiyi mətbuat konfransına qatılması barədə fikirlərini təfərrüatlı şəkildə sosial şəbəkədəki səhifəsində paylaşıb: “Mətbuat konfransından sonra F. Gülənin açıqlamalarında daha çox özünü müdafiə elementi olduğunu gördüyüm üçün bunu mərkəzi ofisə bildirdim. Azərbaycan mediasında və sosial mediada paylaşılan video isə ”Şpiqel “və BBC-dən götürülən kadrlardır. TV və bu sahənin professionalları dəqiq bilir ki, ANS kamerasından yayımlanan kadrda müxbir respondentlə eyni anda görüntüdə olmazdı. Bu TV qaydalarına ziddir. Müsahibəni şirkətə göndərəndə artıq səhərə yaxın idi. Amerikada isə gecə. Növbəti səhər açılan kimi şirkətlə əlaqə saxladım və müsahibə ilə maraqlandım. Şirkətdən mənə verilən cavab belə oldu: ”Qənirə, o müsahibənin efirə getməsinə lüzum görmürük". Bundan təxminən 6 saatdan sonra ANS-in yayımının dayandırıldığı xəbərini eşitdim. Və daha sonra yalan-yanlış məlumatlar gəlməyə başladı".

Mirşahin Ağayev isə musavat.com-a açıqlamasında verilən qərarla bağlı digər instansiyalara müraciət edəcəyini bildirmişdi: “Biz bununla razı deyilik. Bu qərardan digər instansiyalara müvafiq şikayət edəcəyik. Ümid edirəm ki, tezliklə haqq-ədalət öz yerini tapacaq”.

Kanalın işçiləri də ANS-in açılacağına ümidlidir. Onlar hansısa başqa iş barədə düşünmədiklərini deyirlər. ANS TV-də yayımlanan “Günəbaxan” verilişinin aparıcısı Elgiz Əkbər “Yeni Müsavat”a açıqlamasında ANS-in açılacağına ümid etdiyini dedi: “Ürəyimdə elə bir hiss var ki, bu vəziyyət müvəqqətidir, ANS açılacaq. Mən prezident İlham Əliyevin humanistliyinə çox inanıram, güvənirəm. Bilirəm ki, o heç vaxt razı olmaz ki, bu qədər böyük bir kollektiv işsiz, çörəksiz qalsın. İndi vəziyyət çox çətindir. Bizim otağımızda mənimlə birgə işləyən insanların çoxunun krediti var. Biri ipoteka ilə ev götürüb, biri toya görə bankdan kredit götürüb. Bizim başqa gəlir yerimiz də yoxdur. Biz bütün qabiliyyətimizi, bütün enerjimizi, səylərimizi televiziya sahəsində fəaliyyətimizə qoymuşuq. Prezident çoxlu iş yerlərinin açılmasına çalışır ki, insanlar işləsin, çörək pulu qazansınlar. Dövlət orqanlarında nəzarət mexanizmləri asanlaşdırılır ki, insanlar çoxlu iş qazansın. Mən bütün bu məsələlərin fonunda ümid edirəm, prezidentə inanıram və bilirəm ki, o bizi işsiz qoymaz. O razı olmaz ki, orada olan nə qədər insanlar işsiz, pulsuz qalsın. Hadisədir olub, 1 ay cəza nəzərdə tutulub. Təbii ki, bu dünyanın sonu deyil. İnşallah hər şey yaxşı olar. İnanıram ki, prezident kanalın açılması üçün göstəriş verəcək. Kanal açılacaq və biz işimizi davam etdirəcəyik”.

ANS TV-nin digər teleaparıcısı Ulvira Qarayeva Ali Məhkəmənin qərarını gözlədiklərini dedi: “Biz kanalın açılacağını gözləyirik. Ali Məhkəmənin qərarını gözləyirik. Heç yerə getmək fikrimiz yoxdur. Ümidimiz var ki, ANS açılacaq”. 

Digər teleaparıcı Murad Əzimzadə ANS-in açılacağı ilə bağlı proqnoz verməyin çətin olduğunu dedi: “ANS-in açılacağı ilə bağlı bir fikir söyləmək, proqnoz vermək çətindir. Hər halda 1000-ə yaxın işçinin işsiz qalmasını istəməzdim. İş təklifləri və yeni planlarla bağlı nəsə demək çox tezdir. Mən avqustun 15-nə qədər məzuniyyətdəyəm. Məzuniyyət dönəmimin bitməsini gözləyirəm”.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədovun da məsələ ilə bağlı fikrini almaq istəsək də o, ölkədə olmadığını bildirdi: “Mən ölkədə deyiləm, məzuniyyətdəyəm. Heç nədən də xəbərim yoxdur”.

Qeyd edək ki, hazırda anspress.com və ANS ÇM radiosu da fəaliyyətini dayandırıb. Telekanalın taleyi həll olunmadan öncə, ANS ÇM radiosu MTRŞ-nın qərarı ilə bağlanmışdı. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli buna səbəb kimi bildirib ki, ANS ÇM radiosunun yayımı zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları göstərilib: “Qanunda da göstərilib ki, əgər 3 dəfə məsuliyyət tədbiri tətbiq olunursa, şura onun yayımını dayandıra bilər”. 






Fikirlər