NƏRİMANOV rayonunda «İşıqlı gələcək naminə erkən nigaha yox deyək» adlı seminar keçirilib.
30 avqust 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasında «İşıqlı gələcək naminə erkən nigaha yox deyək» adlı seminar keçirilib. AzerTaym.az
Seminarda Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, Tələbə-Gənclər Təşkilatlarının sədr və sədr müavinləri, səhiyyə işçiləri və fəal gənclər iştirak etmişdir.
Tədbirdə çıxış edənlər bildirirlər ki, erkən nigahlar da müasir ailələrin möhkəmliyinə təsir göstərir. Bu problem çox aktual olduğundan Dövlət Statistika Komitəsi qızların erkən nigaha daxil olması ilə bağlı statistik müayinə keçirib. Məlumat üçün bildirək ki, erkən nikah, yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşdirilmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nigaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nigah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nigahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nigahlara, eləcə də nigah bağlayan tərəflərdən biri artıq evli və ya ruhi xəstə olduğu halda nigaha icazə verilmir. Rəsmi nigahın bağlanması üçün iki əsas şərt vardır: nigah könüllü olmalı və nigah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır.
Natiqlər problemin ağırlığından danışıblar, səbəbləri sadalayıblar və müxtəlif təkliflər səsləndiriblər. Gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolunun olduğunu, erkən nigahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd ediblər.
Sonda tibb işçiləri tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı