Tarixçi alimlərdən Fazil Mustafaya sərt cavab: “Baltanın sapı olmayın” — QALMAQAL
Tarixçi alimlər Leyla Hüseynova və Sevinc Məlikzadə Milli Məclisin deputatı Fazil Mustafaya cavab olaraq Ölkə.Az saytının redaksiyasına yazılı açıqlama göndəriblər. Həmin açıqlamaları təqdim edirik:
Tarixçi alim Leyla Hüseynova bir millət vəkilinin öz tarixinə, tarixi şəxsiyyətlərinə əcnəbilərin prizmasından baxmasını təhlükəli hal hesab edib: “Zəki Vəlidi Toğanı, Mommzeni, Karrı, Toybiini misal göstərib öz tarixi şəxsiyyətlərimizi, tarixçilərimizi qaralamaqla nəyə nail olursunuz? Bu gün müstəqil dövlətçiliyimizi qorumağa çalışdığımız dövrdür. Öz milli kimliyimizi, milli mənsubiyyətimizi, tariximizi hər vəchlə qoruya bilmişiksə, bu yenə də öz xalqımızın və xalqımıza xidmət edən tarixçilərimizin sayəsində mümkün olmuşdur. Bir millət vəkilinin öz tarixinə, tarixi şəxsiyyətlərinə əcnəbilərin prizmasından baxması, bu baxışlarını gənclərə təbliğ etməsi təhlükəli haldır. Nobel mükafatı almaq ölçü vahidi olmamalıdır. Orhan Pamuk da Nobel mükafatçısıdır, lakin əsərlərində erməni soyqırımını tanıyan və zaman-zaman öz xalqına qarşı təbliğat aparan yazıçıdır. Bu səbəbdən Nobel mükafatı etalon olmamalıdır. Millət vəkili hər oxuduğu əsəri sosial şəbəkədə şərh edə bilər, bu onun haqqıdır. Lakin bunun məsuliyyətini dərk etməli, özümüzü qaralayaraq gündəm yaratmamalıdır. Zaman-zaman Fazil Mustafanın tarixi şəxsiyyətlərimizə münasibətini sosial mediada görmüşük. Milli qüruru sındıracaq, milli özünüdərkə kölgə salacaq açıqlamaları təəssüf doğurur. Tarixi əsərləri oxuyarkən yazarların təsiri altına düşməkdənsə, elə oxuduğunuz Zəki Vəlidi Toğanın, Mommzenin, Karrın, Toybiinin kitablarına da tənqidi yanaşsanız heç vaxt öz tarixçilərimizi onlardan aşağı görməyəcəksiniz. Deyirsiniz ki, bizim tarixçilərimizin əsərləri ölkə hüdudlarından kənara çıxmır. Bəs İngiltərədə, İtaliyada, Rusiyada, Almaniyada və bir çox ölkələrdə çap olunan Tarix İnstitutunun nəşrlərinə qarşı niyə görməməzlik nümayiş etdirirsiniz? Deyəcəksiniz ki, nə olsun çap olunur, ordakı fikirlər qəbul olunmur ki. Qəbul olunur. Lakin bütün dünya bizim fikirləri qəbul etsəydi, nə Qarabağ problemi olardı, nə də Cənubi Qafqazda Ermənistan adlı dövlət olardı. Aramızda ermənipərəst tarixçilər də var. Onlar az qala erməniləri Cənubi Qafqazın, Azərbaycanın aborigen xalqı kimi qələmə verməkdən çəkinmirlər. O kitablara Nobel mükafatı versələr, heç təəccüb etmərəm. Yəqin ki, oxumadan, anlamadan sevinib fəxr edənlər olar. Onda siz - millət vəkili Fazil Mustafanın fikirləri mənə çox maraqlı olardı... Xülasə, baltanın sapı (sapı özümüzdən olan balta misalı) olmayın!”
Sevinc Məlikzadə isə Fazil Mustafanın tarixi və tarixçiləri aşağıladığını, buna bir tarixçi kimi səssiz qala bilməyəcəyini qeyd edib: “Bizə düşmən lazım deyilmiş. İllərlə tariximizin düzgün araşdırılması və yazılmasına imkan verilmədi. Tariximizin yenidən araşdırılması və yazılması üçün geniş imkanların yarandığı, ərazi iddiaları ilə qarşılaşdığımız bir zamanda bəzi ziyalılarımızın qərəzli mövqeyini anlamıram. Başqa ixtisaslı olub “tarixi araşdırmalar” aparan o şəxslər olmazmı ki, vətənpərvərlik mövqeyindən çıxış etsinlər? Rus Pyotru, Avropa İsgəndəri, Fransız Napoleonu ilə fəxr etdiyi halda, “sapı özümüzdən olan baltalar” isə şanlı Səfəvi tarixini farsa, şiəliyə bağlayırlar. Niyə bəziləri Azərbaycan Səfəvi dövlətini İran dövləti adlandırır? Olmazmı ki, fəxrlə deyək, İran 235 il türk mənşəli sülalə tərəfindən idarə olunub? Fazil Mustafanın isə tariximizi və tarixçilərimizi aşağılamasına tarixçi kimi səssiz qala bilmərəm. F.Mustafanın tarixçilərimizi Mommzen, Toynbii və başqaları ilə müqayisə etməsi onu göstərir ki, onun Məmmədəli Hüseynov, Oqtay Əfəndiyev, Ziya Bünyadov, Yusif Yusifov kimi tarixə xidmət edən şəxslərdən xəbəri yoxdur. Maraqlıdır, görəsən o, öz sahəsində nə edib? Unutmasın ki, Yaqub Mahmudov və ətrafındakılar tarixi torpaqlarımızı dünyaya sübut etmək üçün gecə-gündüz çalışır. Fazil müəllim, biz fakt əzbərləyib tarixçi olmamışıq. Vətəni sevib tarixçi olmuşuq. Yaxşı olar ki, siz də öz sahənizə uyğun olaraq hüququ pozulanlara yardım edəsiniz. Çünki tarix də, hüquq da vicdan işidir”.