Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda, keçmiş motadromun qərb tərəfində yerləşən yaşayış məntəqəsinin sakinləri etiraz aksiyası keçiriblər. Onlar bildirirlər ki, yaşadıqları ərazinin yaxınlığında "Avtovağzal" metrostansiyasının depo tuneli qazıldığından evlərinə ciddi şəkildə zərər dəyib.
Qəsəbə sakinlərinin digər problemi isə kompensasiya ilə bağlıdır. Belə ki, "Avtovağzal" ətrafında 63 evin söküntüsü nəzərdə tutulduğundan artıq kompensasiya işlərinə də başlanılıb. Qəsəbədə plana düşən evlərin qeydiyyatı aparılır.
Qəsəbə sakinləri Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin mənzillərinin hər kvadrametri üçün 500 manatdan kompensasiya verəcəyini bildirirlər: "Bir həftə əvvəl icra nümayəndələri qəsəbəyə gələrək 500 manatdan kompensasiya verəcəklərini dedilər. Ancaq biz etirazımı bildirdik.
Metrostansiyanın tikintisi zamanı evlərimizə zərər dəydi, divarlar çartladı. Bütün bunları nəzərə alsaq, kompensasiya çox azdır. Bizə verilən pulla heç yerdən ev ala bilmərik. Bundan əlavə biz bilirik ki, Maliyyə Nazirliyi plana düşən evlərin kvadratmetrini 1500 manatdan hesablayıb. Buna baxmayaraq, Binəqədi Rayon İcra Hakimiyyəti özbaşınalıq edir, camaatın kompensasiyanı "yeyirlər". Hökümətin bu qədər az məbləğdə kompensasiya verməsi mümkünsüzdür".
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə rəy almağa çalışsaq da, mümkün olmadı. İcra nümayəndələri yarızarafatla qəsəbəyə gəzməyə gəldiklərini bildirdilər.
Fikirlər