“Özüm bilərəkdən bayrağın ayağını yuxarı qaldırdım...” - Əhəd Abıyev qalmaqallı fotodan danışdı
"DAŞKƏSƏNDƏ ERMƏNİPƏRƏST, ERMƏNİ NƏSİLLİ ŞƏXSLƏR VAR” "O bayrağı özüm bilərəkdən tərsə çevirmişəm”. Bu sözləri BakiPost.az-a açıqlamasında Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağını yumruqlamaqla gündəmə gələn Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. O, Ermənistan bayrağını düz tutmağı şərəf saymadığı üçün belə addım atdığını bildirib: "Sındırdığım bayraq təmiz erməni bayrağı idi. Sadəcə onun ayağını yuxarı, başını aşağı etmişəm. Bilərəkdən çevirmişəm. Çünki erməni bayrağını düz tutmağı şərəf saymıram. Biz bir azərbaycanlı kimi erməni bayrağına öz münasibətimizi bildirmişik”. İcra başçısı hadisənin necə baş verdiyini də danışıb: "460 nəfər əsgər biz Bayraq bayramını keçirən zaman öz şücaətlərini nümayiş etdirirdilər. O səhnələrin birində gördüm ki, əllərindəki şifer erməni bayrağıdır. Özü də təqdim elədilər ki, səhnəyə erməni bayrağı gətirilir. Gətirilən bayrağı da ayaq altına atıb sındıracaqdılar. Mən də komandirə dedim ki, saxla bu erməni bayrağıdır. Ondan sonra onun loru dillə desəm, ayaqlarını yuxarı edib, başını aşağı elədim. Düz ortasından da yumruq vurdum. Şifer qalın olsa da, onu vurub sındırdım. Hətta əlim də möhkəm əzildi”. Əhəd Abıyev sındırdığı bayrağın Kolumbiya bayrağına oxmaşası barədə yayılan söz-söhbətlərə də münasibət bildirib: "Onun hər iki tərəfi erməni bayrağı olub. Bir tərəfində rəng sönük, digər tərəfi isə açıq olub. Ola bilər günəşin şüasında elə görsənib. Amma həyatda erməni bayrağıdır. Hazırda Daşkəsəndə ermənipərəst, erməni nəsilli şəxslər var. Elə ermənipərəstlər var ki, onlar belə şayiələr yayırlar. Guya, həmin bayraq Kolumbiya bayrağıdır. Kolumbiyanın bura nə dəxli var? O şayiəni yayan hansı alçaq ermənidir? Niyə o şəxslər Ermənistanı belə müdafiə edir? O insanlar dəyişən deyillər”. Xatırladaq ki, Əhəd Abıyev dünən Bayraq günü münasibətilə keçirilən tədbirdə şifer üzərinə çəkilmiş Ermənistan bayrağını yumruqlayıb. Lakin sonradan bayrağın Ermənistan deyil, Kolumbiyaya məxsus olması bilinib. Onu da bildirək ki, Ermənistan və Kolumbiya bayraqlarının rəngləri sıralama fərqi ilə eyni olduğundan dəfələrlə dəyişik salınıb.