Polkovniki polisə apardılar, qarşıdurma yarandı - MİNGƏÇEVİRDƏ MÜDHİŞ OLAY

"MƏNƏ POLİSDƏ ELƏ İŞGƏNCƏ VERDİLƏR Kİ, DEMƏYƏ UTANIRAM”

 Kəlbəcər rayonundan olan məcburi köçkün, Qarabağ veteranı Şəfa Zeynalovla yaşadığı Mingeçevir şəhərinin polis əməkdaşları arasında insident yaşanıb. 
AzerTaym.az-a danışan Ş. Zeynalov deyib ki, onu polisə apararaq, döyüblər, təhqir ediblər. Zərərçəkənin sözlərinə görə, onu döyən şəxs Dövlət Yol Polisi Mingəçevir şəhər alayının komandiri, polis polkovniki Balakişi Əhmədovun qohumu, yol polisi şöbəsinin rəis müavini Anar Allahverdiyevdir: "Yanvarın 14-dən 15-nə keçən gecə 02:30 radələrində Mingəçevir şəhərinin yol polisləri bizə gələn dostum, Müdafiə Nazirliyinin polkovnik-leytenantı Yusif Musayevi saxlayıb. O heç bir yol hərəkəti qaydalarını pozmasa da, hadisə yerinə post patrul xidmətinin əməkdaşları çağırılıb. Yol polislərinin onları çağırmaqlarının əsas səbəbi dostumu şantaj etmək olub. 
Dostumun saxlanıldığını bildiyim zaman onun yanında olan Mingəçevir şəhər DYP-nin müfəttişi Elnurla danışdım. Mənə dedi ki, bu, rəisin göstərişidir, maşının cəriməsi var. Səhər cəriməni ödəyəcəyimizi bildirsəm də razılaşmadı və maşını cərimə meydançasına apardılar.
Səhər polis şöbəsinə gedib Mingəçevir şəhər DYP rəisi polkovnik-leytenant Bəlyar Bəşirli ilə görüşdüm. Maşının cəriməsini keçirmək üçün sənədləri istədim, amma sənədlərin polis müfəttişi Anar Allahverdiyevdə olduğunu dedi. Anar Allahverdiyev isə həmin gün işdə deyildi. 
Səhəri gün cəriməni ödəmək üçün yenidən polisə getdik. Bizdən cərimənin nə qədər olduğunu müəyyən etmək üçün sürücülük vəsiqəsini istədilər. Növbəti dəfə Bəlyara zəng edim, bu haqda məlumat verdim. O da Anarın nömrəsini verdi. Anara zəng etdiyim zaman mənə gələ bilməcəyini, işinin olduğunu bildirdi. Daha sonra isə telefonda məni söyərək təhqir etməyə başladı”. 
 Şəfa Zeynalov
Zərərçəkənin iddiasına görə, daha sonra A.Allahverdiyev şöbəyə gəlib və qəfildən ona zərbələr endirməyə başlayıb: "Anarın gəlməyəcəyini biləndən sonra yenə Bəlyarla danışdım. O da mənə şöbənin qarşısına gəlməyimi söylədi. Biz də getdik. Elə şöbənin qarşısında söhbət edirdik ki, kimsə məni arxadan yumruqla vurdu. Çönəndə gördüm ki, Anardır. Məni öz maşınına tərəf çəkdi. Hər kəs, hətta polislər belə ora yığışdı. Kimsə məni onun əlindən ala bilmədi. Sonra başımdan tutub sürüyərək şöbənin içərisinə apardı. Şöbənin rəisi də öz yerində oturub kameradan bütün baş verənləri görürdü. Polis şöbəsində mənə elə işgəncələr verdilər, elə təhqirlər etdilər ki, deməyə utanıram. Məni vurub stolun altına saldılar, şampan butulkasıyla hədələdilər.
Bütün bunların hamısı rəsinin gözü qarşında olub. O heç fikirləşmədi ki, mənim polisim şəhid ailəsinin üzvünü belə döyüb öldürür. Mən 4 il Qarbağda döyüşmüşəm. Qarabağda 24 yaxın adamım şəhid olub. Qarabağ veteranıyam”. 
Ş.Zeynalov Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyevin qəbulunda da olub:
 
 
 "Generalın qəbulunda oldum. Hər şeyi danışdım. Sonra kamera görüntüləri incələndi. O özü də təsdiqlədi ki, həqiqətən, mənə qarşı qanun pozuntusu olub. Ona görə də işin aşardırılması üçün tapşırıqlar verdi. İndi mənə çatan məlumata görə, Anar Allahverdiyevi işdən çıxardırlar. Amma təkcə Anar yox, onun rəisi də cəzalanmalıdır”.
Şəfa Zeynalov hazırda Bəlyar Bəşirlinin və Anar Allahverdiyevin onu ölümlə təhdid etdiklərini bildirib: "Anar və Bəlyar mənə gizli nömrələrlə zəng vurub təhdid edirlər. Mənə deyirlər ki, səni öldürəcəyik. Ölümlə təhdid edirlər. İki gündür Bakıya qaçmışam. Bəlyar deyir ki, sənin başını kəsəcəyik. Buna görə də qorxumdan Bakıya gəlmişəm”. 
Şəfa Zeynalov Mingəçevir şəhərində Dövlət Yol Polisinin işçilərinin hegemonluq etdiyini və qanunazidd hərəkətlərə yol verdiklərini vurğulayıb: "Yol polisi əməkdaşlarının demək olar ki, qanundan xəbəri yoxdur, onların gözlərini rüşvət yumub. Bu cür hərəkət tək mənə qarşı edilməyib. Bütün Mingəçevir xalqı onların belə hərəkətlərindən əziyyət çəkir”. 
O məsələlərlə bağlı prezident İlham Əliyevə də müraciət etdiyini vurğulayıb.
Mingəçevir şəhər DYP rəisi polkovnik-leytenant Bəlyar Bəşirli BakiPost.az-a açıqlamasında şikayətçinin dediklərini tamamilə təkzib edib və müəyyən faktlar təqdim edib. Bildirib ki, Anar Allahverdiyev Şəfa Zeynalovu döyməyib: "Saxlanılan avtomobilin üstündə həbs olub. Ödənilməyən cərimələrə görə 480 manat borc yığılıb. Ona görə maşın gecə ikən saxlanılıb və sürücü, Müdafiə Nazirliyinin polkovnik-leytenantı Yusif Musayevi sürücülük vəsiqəsindən məhrum edilib və maşın cərimə meydançasına aparılıb. 
Yanvarın 15-i səhər hər ikisi mənim qəbulumda olublar. Mən də cərimələrin çıxarışını onlara vermişəm. Onlardan cəriməni ödəmələrini istədim. Amma hələ də cəriməni ödəməyiblər. 
Mən rəis olaraq polkovnik-leytenanta qarşı humanistlik edib maşınını buraxdım. Amma onlar da etibarsızlıq edib, hələ də o cəriməni ödəmirlər. 
Ümumiyyətlə, Anar Allahverdiyev onu döyməyib. Onlar yalnız bir-biriləri ilə telefonda danışarkən söyüşüblər”. 
Bəlyar Bəşirli qeyd edib ki, nazirlik məsələ ilə bağlı araşdırma apardıqdan sonra Anar Allahverdiyev işdən çıxarılıb: "Daxili İşlər Nazirliyinin əməkdaşları polis şöbəsinə gəlib məsələni araşdırdılar. Şöbənin kameralarından çıxarışlar götürdülər. Amma döyülmə söhbəti yüz faiz olmayıb. Əgər Şəfa Zeynalov döyülmüşdüsə, niyə tibbi ekspertizaya getməyib? Yüngül xəsarətlər olsa belə getməli idi. 
Artıq həmin məsələ ilə bağlı nazirlik tərəfindən əmr də verilib. Anar Allahverdiyev həmin vəzifədən kənarlaşdırılıb”.
 O, Allahverdiyevin işdən çıxarılmasını davranışlarındakı qüsurlarla əlaqələndirib: "Mən də qəbul edirəm ki, Anar polis kapitanı kimi hərəkət etməli idi. O söyüş söyən adamlara qoşulmamalı, özü də söyüş söyüb, təhqirə əl atmamalı idi. Bizim işimiz hər kəsə nəzakətlə xidmət etməkdir. Bizi söyüb, artıq kəlmələr də deyə bilərlər. Amma biz yalnız ona qarşılıq olaraq raport yazıb məruzə etməliyik. Düzdür, Anar mənə məruzə edərək, vətəndaş tərəfindən ağır ifadələrlə təhqir olunduğunu bildirdi, mən də raport yazmasını istədim. O isə yazmadı, amma Şəfa yazdı”.
Rəis Şəfa Zeynalovun niyə bu addımları atdığını da bildirib. O iddia edib ki, şikayətçi dəfələrlə onoloji addımlar atıb: "O bununla qorxu yaratmaq, hər yerdə sözünün eşidilmisinə çalışır. Durun gəlin şəhərə, onun barədə soruşun. Ona görəcəksiniz, necə adamdır”.
B.Bəşirli Anar Allahverdiyevlə Şəfa Zeynalovun hər ikisinin təhqir və söyüşlər səsləndirdiyi telefon danışıqlarının səs yazısını redaksiyamıza təqdim edib. Səs yazısından görünür ki, şikayətçi küçə söyüşləri ilə kimisə təhqir edir.






Fikirlər