"Çox təəssüflər olsun ki, bu gün respublikamızda repetitorluq təhsildə, el dilində desək, at oynadır..."
Qısa tanıtım: Alışov Möhsün Ədil oğlu 1954-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1971-ci ildə orta məktəbi bitirib, ilk əmək fəaliyyətinə elektrik montyoru kimi başlayıb.
1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə qəbul olmuş, 1976-cı ildə həmin institutu bitirmiş və 1980-cı ilədək Qubadlı rayonu Çərəli kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980-ci ildə ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçmüşdür. Sumqayıt Üzvü Sintez Birliyində mühəndis, mühəndis riyaziyyatçı, Sumqayıt Maarif şöbəsinin MTİK-da proqramlaşdırma müəllimi, 12-saylı orta məktəbdə informatika müəllimi işləmişdir.
M.Alışov 1988-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olmuşdur. 1990-cı ildə Azərbaycan ETPE İnstitutunun Təlimin Texniki Vasitələri Şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir. 1993-cü ildə Sumqayıt şəhərində ilk özəl orta ixtisas təhsil müəssisəsi olan Sumqayıt Pedaqoji Seminariyasını təsis etmiş və ona rəhbərlik etmişdir. 2001-ci ildə “Kompüter texnikasının köməyilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 2013-cü ildə isə “Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusundakı doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Peşəkar pedaqoq və alim Mönsün Alışov 2008-ci ildə Sumqayıt şəhərində “İdrak” liseyini təsis etmişdir. “İdrak” təhsil modelinin uğurları və paytaxtdakı tələbat nəzərə alınaraq 2015-ci ildə Bakıda da “İdrak” liseyi yaradılmışdır. M.Alışov 40-dan çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 3 dərs vəsaitinin, 3 metodik vəsaitin müəllifi və ya həmmüəllifidir. Ailəlidir, 4 övladı var.
- Möhsün müəllim, tədris proqramlarınız dövlət məktəblərininkindən nə ilə fərqlənir?
- Biz də dövlətin qəbul etdiyi proqramlar əsasında fəaliyyət göstəririk. Bir az, bir neçə faiz də öz yaradıcı əlavələrimiz olur. Söhbətimizin əvvəlində bizim yeni layihələr haqda danışdıq. Çünki özəl təhsil müəssisəsi olaraq bizim nizamnaməmiz də buna imkan verir. Təhsil naziri Mikayıl Cabbarov da hazırda müəyyən islahatlar keçirməyə çalışır ki, müəllimə standart proqramlardan kənara çıxmağa şərait yaradılsın. Bu, beynəlxalq təcrübədə də var. Bunu təhsilin inkişaf perspektivləri tələb edir.
- Yəqin ki, “İdrak”da milli kurrikulum da normal tətbiq olunur?
- Bəli, əlbəttə. Liseyimizdə milli kurrikulum nəinki tətbiq olunur, bizim məktəb respublikanın digər məktəblərində də kurrikulumun tətbiqi üçün xeyli işlər görüb. “İdrak” liseyi 5 il ərzində milli kurrikulum təlimi üzrə tenderin qalibi olub. Və respublikanın müxtəlif rayonlarında 20 minə yaxın müəllimin bu istiqamətdə mükəmməl təlimini təmin etmişik.
- Bəzi orta təhsil ocaqlarında dərsə gecikmələr, heç bir səbəb olmadan günlərlə məktəbə getməmək adi hala çevrilb? “İdrak” liseyində davamiyyət problemi necə həll edilir?
- Bizim məktəbdə davamiyyət problemi, demək olar ki, yoxdur. Çünki söhbətimizin əvvəlində dediyim kimi, hər bir müəllim də, şagird də bu liseyə sevə-sevə, elm, bilik öyrətmək və öyrənmək həvəsi ilə gəlir. Amma həyatdır, hərdən müəyyən hadisələr olur, bir neçə gün kimsə icazə alır. Yaxud Bakıdakı tıxaclar bir neçə şagirdin dərsə gecikməsinə səbəb olur. Bütün bunları nəzərə alıb dərslərin başlanmasını və davamiyyəti tənzimləyrik. Və bu kimi hallar liseyimizdə tədrisin keyfiyyətinə heç bir təsir göstərmir.
- Bu da bir gerçəklikdir ki, dərs saatlarında bir sıra orta məktəblərin X-XI siniflərinə daxil olan şagirdlərin, uzaqbaşı, yarısını sinifdə taparsan. Çünki məktəbdə normal bilik verilmədiyindən şagirdlərin çoxu hazırlığa, yəni repetitor yanına gedir. “İdrak” liseyində əlavə repetitor yanına gedən şagirdlər varmı?
- Xeyr. Çünki biz repetitorluğa ehtiyacı olmayan, repetitorluğa “yox” deyən məktəbik. Bilirsiniz, bu, dövrün bəlasıdır. Bilmirəm, təsadüfdürmü, yoxsa yox, mən 1980-ci ildən bəri repetitorluğa qarşı mübarizə aparmışam. Sumqayıtda riyaziyyat təmayüllü siniflərdə proqramlaşdırmadan dərs deyirdim. Həmin siniflərdə şagirdlər dərslikləri kənara qoyur, yalnız düsturları əzbərləmək və məsələ-misal həll etməklə institutlara qəbul olurdular. Orada 8 ilə yaxın işlədim. Həmin məktəbin məzunlarından, uzağı, 1-2 faizi elm dalınca getdi. Buna səbəb o idi ki, həmin şagirdlər nəzəri, yaradıcı bilikdən kənarda qalırdılar. Hazırkı repetitorluq da eyni şeydir. Nəyə görə “İdrak”da oxuyan uşaqlar daxil olduqları ali məktəblərdə qrupun, fakültənin lideri olurlar? Çünki bizdə şagirdlərə təcrübi biliklərlə paralel nəzəri biliklər də verilir. Orta məktəbdə dürüst bilik qazanmayan insan ali məktəbdə öz elmini inkişaf etdirə bilməz. Ona görə ki, ali məktəblərdəki proqramlar orta məktəbin üzərində qurulur. Orta məktəb bazadır. Repetitorluq isə bu bazanı məhv edir. Çox təəssüflər olsun ki, bu gün respublikamızda repetitorluq təhsildə, el dilində desək, at oynadır...
- Amma bilirik ki, repetitorluğun geniş yayılmasının köklü səbəblərindən biri, orta məktəblərdə, nadir istisnalarla, tədrisin aşağı səviyyədə olması, eyni zamanda müəllimlərə verilən əmək haqqının müasir tələbat səviyyəsinə görə onları qane etməməsidir...
- Düzdü, bu amillər də rol oynayır. Və dövlətimiz, Təhsil Nazirliyi tədrisin səviyyəsinin yüksəldilməsi, müəllimlərin əmək haqqının artırılması üçün ilbəil yeni-yeni tədbirlər görür. Həm də axı repetitorluq bu gün meydana gəlməyib, hələ ötən əsrin 70-ci illərindən yayılmağa başlayıb. Mən 80-ci illərdə bunun acı nəticələrini görərək həmin bəlaya qarşı mübarizə aparırdım. O vaxt Sumqayıtda riyaziyyat təmayüllü sinif açmış Yaqub Bünyadov adlı müəllim var idi. Əksər valideynlər, xüsusən imkanlı şəxslər övladlarını onun yanına göndərirdilər. Həmin müəllim isə dərslikləri qoyurdu bir kənara, şagirdlərə yalnız düstur əzbərlədirdi. Valideynlərdən də maddi baxımdan kifayət qədər bəhrələnirdi. Düzdü, onun hazırladığı uşaq ali məktəbə qəbul olurdu, amma düzgün təhsil ala bilmirdi. Çünki normal nəzəri biliyi yox idi. Ancaq Yaqub Bünyadovun o dövr üçün hər bir titulu, Lenin ordeni belə var idi. Təhsil Nazirliyinə maneəsiz daxil olurdu. Mən də həmin müəllimlə işləmişdim o vaxtlar. Bir dəfə yadımdadır ki, rəhməlik Zahid Qaralovun otağında idim. Bir nəfər ona sual verdi ki, Zahid müəllim, bu gün respublika televiziyası Sumqayıtda Yaqub Bünyadovla 3 saatlıq görüş keçirir, respublikanın tanınmış pedaqoqları da iştirak edir, bəs siz nə əcəb getmirsiz? Zahid müəllim masasının üzərindəki dəvətnaməni göstərib dedi ki, məni də dəvət ediblər, getməyə maşın da var, vaxt da taparam, amma getmirəm. Çünki o tədbirdə Yaqub Bünyadova sual verməyəcəklər; sən hansı metodla işləyirsən ki, dərs dediyin məzunlar ali məktəblərə qəbul olur. Bilirəm ki, orada bayağı suallar verəcəklər: “Yaqub müəllim, həftənin hansı günü xoşuna gəlir, hansı xörəyi xoşlayırsan”. Və s. Bir sözlə, o tədbirdə əsl pedaqoji, elmi mühit olmayacaq... Bax, görkəmli pedaqoq, elm adamı olan Zahid müəllim də repetitorluğa mənfi yanaşırdı. Təəssüf ki, bu gün də repetitor müəllimlər ətrafında belə süni təbliğat, reklam mühiti yaradılır. Onlar pullarını alıb, testləri, düsturları əzbərlətdirib şagirdləri yola salırlar. Düzdü, hazırlığa gedənlərin xeyli hissəsi ali məktəblərə qəbul olur. Ancaq ortalıqda zərbə elmimizə, təhsilə elmi-pedaqoji yanaşmaya dəyir. Repetitorlar, tədris mərkəzləri, hazırlıq kurslarının “əlindən çıxan” tələbələrdə yaradıcı təfəkkür, elmi yanaşma çox zəif olur. Bir müddət sonra əzbərlədikləri düstur və qaydalar yaddan çıxır və bu minvalla normal təhsildən, elmdən uzaqlaşırlar. Bu gün müvafiq lisenziyası, Təhsil Nazirliyinin icazəsi olmayan bir sıra məktəbəqədər hazırlıq kursları da fəaliyyət göstərir ki, orada 4-5 yaşlı övladlarımıza anti-pedaqoji tədris-təlim keçirilir. Və o uşaqlar orta məktəbin, liseyin 1-ci sinfinə qəbul ediləndə biz həmin antipedaqoji təlim-tərbuiyənin nəticələrini görürük...
Bayaq söylədiyim kimi, artıq bu gün dövlətimiz, Təhsil Nazirliyi də çalışır ki, orta məktəblərdə təhsildən yayınmalar, yəni repetitor yanına axın mümkün qədər azaldılsın. Bir çox məktəblərdə pilot layihələr həyata keçirilir. X-XI sinif şagirdləri üçün tədris hazırlaşdıqları sahələrə uyğun olaraq təmayüllü qaydada aparılır. Bu, çox müsbət addımdır...
- “İdrak” liseyində müdiriyyət-müəllim, müdiriyyət-şagird, müdiriyyət-valideyn münasibətləri necə qurulur. Sırf inzibatçılıqdı sizdə, yoxsa demokratiyaya da yol verirsiz? Konkret məsələlərlə bağlı qərarları birbaşa özünüz verirsiz, yoxsa?
- Düzü, onu özümüz deyə bilmərik ki, bizdə demokratik üsul-idarəsi, yoxsa inzibatçılıqdır. Bu, kənardan daha aydın görünər. Amma biz hər iki üslubdan effektiv formada yararlanmağa çalışırıq. Rəhbərlik müəllimlərə, müəllimlər şagirdlərə, valideynlərə, eləcə də əksinə, hər tərəf biri-birinə qarşılıqlı hörmət və etmad atmosferində işləyirik. Həmçinin, müdiriyyət birbaşa şagirdlər və valideynlərə də böyük həssaslıqla yanaşır. Bir sözlə, qarşılıqlı etimad və hörmət olmayan yerdə normal, perspektivli iş görmək mümkün deyil. Hər kəsin məsələyə düzgün də, yanlış da münasibəti ola bilir. Biz doğruları təsdiqləyir, yanlışları isə anlatmağa çalışırıq...
Həyatımda mənəvi valideyn rolunu oynamış tanınmış ictimai-siyasi xadim, pedaqoji elmlər doktoru, mərhum professor Zahid Qaralov deyirdi ki, pis məktəb yoxdur, pis idarəetmə və ya nəzarət mexanizmi var. Düzgün idarəetmədə isə qərarları həmişə təkbaşına vermək doğru deyil. Elə qərarlar var ki, onları kollektiv müzakirə əsasında qəbul etmək gərəkdir. Hər hansı müəssisəni, xüsusən də təhsil ocağını təkbaşına idarə etməyə çalışmağın sonu uğursuzluqdur. Çox vaxt yalnız kolektiv müzakirə düzgün nəticəyə, uğura gətirib çıxardır. Bu baxımdan bizdə hər hansı taleyüklü qərarı müzakirə edərkən müvafiq daxili strukturların, kafedra müdirlərinin, müəllimlərin, metodistlərimizin rəylərini dinlədikdən sonra qərar veririk...
- Bəzən orta və ali məktəblərdə şagird və ya tələbələrin dini inancları ilə bağlı müəyyən problemlər yaranmır. Məsələn, inanclı müsəlman qızların hicab geyinməsinə qadağalar bəzi hallarda onların təhsildən yayınmasına gətirib çıxardır. “İdrak” liseyində belə problemlər olursa, öz həllini necə tapır?
- Bilirsiniz, biz müsəlmanıq və Qurani-Kərimə də böyük sevgi və hörmətlə yanaşırıq. Təəssüf ki, bu gün hansısa xarici güclərin əlində alət olan ayrı-ayrı şəxs və qruplar öz ətraflarında mif yaratmaq üçün dinimizdən sui-istifadə edirlər. Liseyimizdə dini inanclarla bağlı heç bir problem yoxdur. Konkret hicab məsələsinə gəldikdə, dediyim kimi, xarici düşmənlərimizin təhriki ilə kimlərsə bundan da sui-istifadə edərək Azərbaycan dövlətinə qarşı narazılıq yaratmağa çalışırlar. Çox mənfur düşmənlərimiz var ki, İslam adı altında ölkəmizə, xalqımıza qarşı təxribatlar aparırlar. Dövlət haqlı olaraq belə cərəyan və qruplara qarşı mübarizə aparır. Biz də bu işdə dövlətimizə dəstək verməliyik. Çünki dövlətimiz olmasa, biz də yoxuq. Dövlətə qarşı yönələ biləcək məsələlərdə ayıq olmalıyıq. Ona görə “İdrak” liseyi də belə işlərə ciddi və çox həssaslıqla yanaşır. İndiyədək bizdə cəmi bir hcablı şagird təhsil alıb, o da nizamlı-intizamlı, savadlı şagird kimi yadda qalıb. Yadımdadır ki, həmin qız 600-dən çox bal toplayaraq ali məktəbə qəbul oldu. Belə nümunələr göstərir ki, din elmlə vəhdətdə olanda uğurlu nəticə alınır. Islama sağlam, elmi şəkildə bağlılıq müsbət haldır. Bu, övladlarımızın, xüsusən qızlarımızın mənəvi-əxlaqi tərbiyəsində də böyük rol oynaya bilər. Amma dini xurafatla, radikallıqla birləşdirib insanları, uşaqları, qızları qapalı mühitdə böyütməyə çalışmaq müsbət nəticələr verə bilməz. Əksinə, təhsilimizə, elmimizə, eləcə də təhlükəsizliyimizə ciddi zərbələr vura bilər. Odur ki, dünya şöhrətli Azərbaycan alimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütvi Zadənin müsahibələrindən birində söylədyi kimi, biz ölkəmizdə elm istehsal etməli və onun tərəqqisinə xüsusi diqqət yetirməliyik...