Şəhər və rayon mərkəzi xəstəxanalarına əlilliyin müəyyən edilməsi səlahiyyəti VERİLİB
Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunan kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda 2015-ci ilin sentyabr ayında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 595 saylı fərmanından irəli gələn məsələlərin həlli istiqamətində Səhiyyə Nazirliyinin çoxsaylı işlər gördüyü bildirilib. Bildirilib ki, O.Şirəliyevin 2014-cü il noyabrın 27-də imzaladığı 126 saylı əmrə əsasən “Tibbi sosial ekspert komissiyasına göndəriş”in yeni forması, o cümlədən “Uşaqlar uçün Tibbi sosial ekspert komissiyasına göndəriş”in forması təsdiq edilib. Bundan əlavə “Tibbi sosial ekspert komissiyasına göndərişlərin elektron registri” yaradılan, bu məqsədlə məlumat bazasının və proqram təminatının hazırlanması təmin edilib. Ölkənin səhiyyə müəssisələrində “Tibbi sosial ekspert komissiyasına göndərişlərin elektron registri”nın proqram təminatının tətbiqi zamanı həmin müəssisələrə texniki dəstəyin göstərilməsi təmin edilib.
2015-ci il yanvarın 1-dən “Tibbi sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar uçün Tibbi sosial ekspert komissiyasına göndəriş” yalnız müvafiq proqram modulundan çap edilməsi yolu ilə təmin edilib.
Sosial ekspertiza və reabilitasiya xidmətilərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2015-ci il sentyabrın 9-da imzalanan 85 saylı əmrə əsasən əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşmiş reyestri yaradılıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökümət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxış təmin edilib.
Əmrin icrası ilə bağlı ölkənin şəhər və rayonlarının tibb müəssisələrində müvafiq təlimlər keçirilib. Tibbi yardımın təşkili şöbəsi və İnformatika və Statistika idarəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil edilmə qaydaları hazırlanaraq təsdiq edilib.
Bundan əlavə, Azərbaycanın şəhər və rayonlarının tibb müəssisələrinin rəhbərləri tərəfindən həkim-məsləhət komissiyaları üzvləri gücləndirilmiş elektron imza ilə təmin edilib və tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanan elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşmiş reyestrinə daxil olunması təmin edilib.
Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” hazırlanıb 2016-cı il martın 30-da Nazirlər Kabinetinin 140 saylı qərarı ilə təsdiq edilib. Eyni zamanda Səhiyyə Nazirliyinin baş mütəxəssisləri cəlb olunmaqla əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları xəstəliklərin sonuncu beynəlxalq təsnifatına uyğun olaraq hazırlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub və bu sənəd əsasında müvafiq əsasnamə Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiqlənib.
Kollegiya toplantısında vurğulanıb ki, əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində də Səhiyyə Nazirliyi ciddi addımlar atıb.
Əhalinin bu işdə rahatlığının təmin edilməsi, həmçinin Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikalarından əlavə ölkənin şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsi məqsədə uyğun hesab edilib.
Nazirlər Kabinetinin 1993-cü ildə 9 nömrəli qərarı ilə təsdiq edilən sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın hazırda yeni variantının hazırlanması məqsədilə İşçi Qrup yaradılıb.
İclasın sonunda əlilliyin təyini ilə bağlı vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinin ciddi nəzarətə götürüldüyü bildirilib.