Şəhid polkovnikin xanımı mediadan narazılıq etdi: “Heç bir vəzifəyə təyinat ALMAMIŞAM”
Ötən ilin “Aprel döyüşləri”ndə şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunması ilə bağlı yayılan xəbər haqda Modern.az-a açıqlama verib. S.Orucova bildirib ki, o, Dövlət Komitəsində heç bir vəzifəyə təyinat almayıb. O, xəbəri dəqiqləşdirmədən onu ictimailəşdirən jurnalistlərdən də narazılıq edib: “Mən 9 aydır komitədə işləyirəm. Amma komitənin Gender siyasəti və qadın problemleri şöbəsində aparıcı məsləhətçini əvəz edirəm. Yəni daimi işim deyil. Heç bir vəzifəyə təyinatdan söhbət getmir. Güman edirəm ki, özünü jurnalist sayan kimsə məni komitədə görüb, sanki partlayış baş veribmiş kimi bunu dərhal ictimailəşdirib”. Şəhid xanımı baş verənlərə təəssüfləndiyini vurğulayıb: “Bəzi saytlarda “Şəhidin arvadına vəzifə verildi” başlıqlı xəbər yazılıb. Heç olmasa şəhidin adına hörmət edin. Arvadı nədir?”.