"Azərbaycan prezidenti əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməsi barədə qanunun 1 iyul 2017-ci ildən qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb. Həmin fərmanla da bir sıra qaydaların 2 ay müddətinə hazırlanaraq qüvvəyə minməsi ilə bağlı tapşırıqlar verilib".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazirin sözlərinə görə, hazırda nazirlikdə bunun üzərində iş gedir:
"Bu, indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq. Qanuna edilmiş yeni dəyişikliklər 1 iyuldan sonra pensiyaya çıxacaq şəxslərə şamil olunacaq. Burada qaydalarla bağlı bəzi işlər aparılır və qaydalar təsdiq olunandan sonra bunlar bəlli olacaq. Bundan başqa, dəyişikliklərin indiyə qədər pensiyaya çıxmış və sonradan əmək haqları artırılan şəxslərə hansı formada şamil olunacağı da qaydalarda öz əksini tapacaq.
İyulun 1-dək işlər başa çatdırılacaq və dəyişikliklər qüvvəyə minəcək. Bu daimi bir prosesdir. Yəni 2006-cı ildə "Əmək penaiyaları haqqında qanun" qəbul olunanda da keçid dövrü kimi 10 illik müddət nəzərdə tutulmuşdu. Düşünürəm ki, Azərbaycanda prezidentin göstərişi ilə tam sığorta prinsipləri əsasında fəaliyyət göstərən pensiya sistemini qururuq".
S.Müslümov əlavə edib ki, cari ilin iyulun 1-dək pensiyaya çıxacaq şəxslərin hər biri hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" qanunla müəyyən olunmuş müddəalardan yararlanacaq: "İyulun 1-dən pensiyaya çıxanlar isə yeni qanunvericiliyin müddəalarından istifadə edəcəklər".
APA