"Bəzi məktəblərdə vəziyyət gərgindir" - Təhsil İdarəsinin MÜDİRİ

"Bu gün Bakıdakı məktəblərdə şagird sıxlığı problemi hələ də qalır. Bu da ərazidə əhali məskunlaşmasının sıxlığı ilə əlaqəlidir. Sentyabr ayına qədər 8 məktəbdə təmir işləri yekunlaşmalıdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, 179 nömrəli məktəbdə şagird sıxlığı hələ də davam edir: "Eyni zamanda, həmin ərazidə iki il əvvəl istifadəyə verilən 182 nömrəli məktəbdə də şagird sıxlığı müşahidə olunur. Həmçinin, Binəqədi rayonu ərazisində yerləşən 205 nömrəli məktəbdə də analoji problem yaşanır".
İdarə müdiri qeyd edib ki, paytaxtdakı şagird sıxlığı müşahidə olunan məktəblər daim nəzarətdədir: "Bu məsələni Təhsil Nazirliyi qarşısında qaldırmışıq. Nazirlik də bununla bağlı müvafiq qurumlara müraciət edir. Güman edirəm ki, problem qısa müddət ərzində öz həllini tapacaq. Çünki sadalanan məktəblərdə vəziyyət həqiqətən də gərgindir".
AzerTaym.az






Fikirlər