ADU-da seminar KEÇİRİLİB
Sentyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İtalyan dili mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər” mövzusunda seminar keçirilib. Tədbiri açıq elan edən ADU-nunXarici vətəndaşlarla iş və Protokol xidmətinin müdiri Anar Bağırov qonaqları seminar iştirakçılarına təqdim edib və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Daha sonra“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti universitetin italyan dili üzrə təhsil alan tələbələri, eyni zamanda müəllim heyətinə İtaliya və Azərbaycan arasında mövcud ictimai-siyasi və mədəni əlaqələr barədə ətraflı məlumat verib. O, Azərbaycan haqqında nəşr olunan ilk italyandilli kitabları təqdim edib və Azərbaycan dilindən birbaşa italyan dilinə tərcümə sənətinin inkişafının zəruriliyindən də söhbət açıb. Qonaq ADU-nun rektoru, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını italyan dilinə tərcümə etdiyini seminar iştirakçılarının diqqətinə çatdırıb, həmçinin bu romanın italyandilli auditoriya üçün Azərbaycan xalqının qədim və zəngin tarixi ilə bağlı dolğun fikir formalaşdırmaq baxımından dəyərli mənbə olduğunu da sözlərinə əlavə edib.Öz növbəsində, italiyalı arxitektor Laura Peretti “Memarlıq dili” mövzusunda mühazirə ilə çıxış edib. O, memarlığın insan dili kimi öz qaydalarının olduğunu və xalqlar arasında ünsiyyət vasitəsi rolunu oynadığını deyib: “Biz hər bir memarlıq abidəsini xalqın multikulturalizm göstəricisi kimi qəbul edə bilərik. Memarlığın da öz lüğəti və özünü ifadə etmə növləri var. Dünyada mövcud olan müxtəlif dillər kimi memarlıqda da biz cürbəcür üslubları müşahidə edə bilərik”. Sonda italiyalı qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıb.AzerTaym.az