“Siz bizə qarşı müharibənin LİDERİ olmusunuz” - Səməd Seyidov
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov yanvarın 24-də Assambleyanın iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyana sərt cavab verib. “AzerTaym.az” Azərtac-a istinadən xəbər verir ki, Səməd Seyidov Ermənistan prezidentinin çıxışının yalanla dolu olduğunu, onun dünya ictimaiyyətini aldatdığını bildirib. Nümayəndə heyətimizin rəhbəri Ermənistan dövlətinin başçısına müraciətlə deyib: “Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsindən danışmadınız? Xocalıda uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla 600-dən çox insan ermənilər tərəfindən öldürülüb. Niyə etnik təmizləmə barədə danışmadınız? Siz hazırda beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. BMT, Avropa İttifaqı, Avropa Şurası, digər təşkilatlar Azərbaycan torpaqlarının işğal olunduğunu bəyan edib. Siz bu təşkilatlardan heç kəsi qəbul etməyə hazır deyilsiniz”.