“Drakon”la Direktorun davası daha da QIZIŞDI: Valideynlər aktyoru ittiham edirlər - REPORTAJ, FOTOLAR

“Drakon”un dava etdiyi məktəbdə valideynlər aksiya ediblər, xüsusi komissiya yaradılıb

“Dolu” filmində yaratdığı “Drakon” obrazı ilə ölkədə tanınan aktyor Rza Rzayevlə Nizami rayonu 220 saylı məktəb-liseyin direktoru arasında baş verən insident  getdikcə dərinləşir. Öncə məlumat üçün bildirək ki, bir neçə gün öncə mətbuatda  aktyorun, direktor müavini olan bacısı Zeynəb Rzayevanın işdən çıxarılmasına etiraz olaraq, məktəb direktoru Tural Mirzəliyevin kabinetində onunla mübahisə etməsi ilə bağlı videogörüntülər yayıldı.

Həmin görüntülərdə R.Rzayev məktəb direktoruna qarşı təhqiramiz ifadələr işlədib, qohumunun işdən çıxarılması ilə bağlı qərarını dəyişməsi üçün vaxt verib, əks halda onu özünün cəzalandıracağını bildirib.

Bundan başqa aktyor sosial şəbəkədə hadisə ilə bağlı yazdığı statusunda da məktəbdə çalışan bir neçə müəllimin adını hallandırıb, onları şagirdlər arasında dövlətçiliyə qarşı təbliğat aparmaqda ittiham edib.

Baş verənlərlə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq 220 saylı məktəb-liseyinə yollandıq. Öncə direktorla görüşmək üçün onun otağını axtardıq. Məktəbin girişində dayanan mühafizəçi bildirdi ki, hazırda direktor akt zalında valideynlərlə görüş keçirir. Nə görüşü olduğunu soruşduğumuzda isə bildirdi ki, görüşə təşəbbüs göstərən valideynlərdir. Onlar direktora dəstək olmaq üçün aksiya keçirirlər. Öyrəndik ki, videogörüntülər yayıldıqdan sonra Bakı Şəhər Təhsil İdarəsi tərəfindən komissiya yaradılıb və məktəbdə bütün işlər yoxlanılır. Bildirildi ki, valideynlərlə görüşdə həmin komissiya da iştirak edib, onların fikirlərini dinləyib.

Bir neçə dəqiqə sonra akt zalından valideynlər çıxdı və ilk olaraq elə onların fikirlərini aldıq. Jurnalist olduğumuzu bildikdən sonra bizi dairəyə alan valideynlərin ilk tələbi bu oldu ki, nə deyəcəklərsə, hamısını yazaq. Söylədilər ki, komissiyaya Tural Mirzəliyevi dəstəkləyən ərizə yazıblar və buna da 200 valideyn imza atıb. Bildirdilər ki, əgər Tural Mirzəliyev direktor vəzifəsindən uzaqlaşdırılarsa, o zaman uşaqlarını məktəbdən çıxaracaqlar.

Övladı məktəbdə 6-ci sinif şagirdi olan Vəfa İbişova bildirdi ki, Tural Mirzəliyev direktor olmamışdan öncə elə bilirdilər ki, onların uşaqları məktəbdə yox, universitetdə oxuyur: “Çünki Zeynəb Rzayevanın direktor əvəzləyicisi olduğu zamanlarda hər ay bizdən müxtəlif bəhanələrlə pul yığılırdı. Tural müəllim gələndən sonra məktəbdə pul haqq-hesabı yığışıb, üzümüz də danlanmaqdan qurtarıb. Biz müəllimi müdafiə etmək üçün bura yığışmamışıq. Bu qədər valideynin hamısı bura haqqı tələb etdiyi üçün toplanıb. Bizə sirk, tamaşa biletləri satırdılar. Deyirdik ki, getməyə vaxtımız yoxdur. Zeynəb müəllimə cavab verirdi ki, biletin pulunu ver, getmirsən özün bilərsən. Biz daşa dirənmişdik”.

Digər valideyn Fərqanə Muxtarova isə bildirdi ki, bu məktəbə uşaq qoymaq üçün mütləq pul vermək lazım idi: “Şəxsən Zeynəb müəllimənin özü məndən pul istəyib. Bundan əlavə uşağını yaxşı, savadlı müəllimin sinfinə qoymaq istəyirdinsə, gərək yenə də dəftərin arasına pul qoyub, Zeynəb müəlliməyə verərdin. Ancaq biz indiyə qədər Tural müəllimə bir qəpik də olsun, pul verməmişik”.

Valideyn Pərvanə Salmanova bildirdi ki, bütün bayramlarda uşaqlardan pul yığılırdı: “Tural müəllim gələndən sonra gördük ki, məktəb, direktor necə olmalıdır. Burada təhsilin səviyyəsi də qalxıb. Sentyabrdan, yəni Tural müəllim gələndən sonra nə A4 vərəqi, nə silgi nə də digər şeylər üçün pul yığılmayıb. Halbuki, daha öncə belə deyildi. Bütün bunları komissiyaya da demişik. Bir gün ərzində 200-dən çox valideyn ərizəyə imza çəkib ki, Zeynəb müəllimə işdən azad olunsun. Hələ ki, bu, bir gün ərzində çəkilən imzaların sayıdır. Niyə biz uşağımızı başqa sinfə keçirmək üçün pul verməliyik. Komissiya bizi 2 nəfər olmaqla qəbul edir. Gözləyib, hamımız qəbula girib, sözümüzü deyəcəyik. Biz haqqın tərəfindəyik. Əgər Tural müəllim çıxarılsa, ibtidai sinif boş qalacaq. Çünki biz hamımız uşaqlarımızı məktəbdən çıxaracağıq. Kim verilən bileti almırdısa, uşağın qiymətini kəsirdilər”.

Valideynlər bildirdilər ki, əgər proses davam eləsə, Təhsil Nazirliyinə gedib, orada da aksiya keçirəcəklər. Söhbət etdiyimiz bütün valideynlər Tural Mirzəliyevin  tərəfində olduqlarını bildirdilər.

Valideynlər onu da söylədilər ki, Rza Rzayevin adını hallandırdığı müəllim və müəllimələri şəxsən tanıyırlar: “O müəllimlər də etiraz edib, dərsə girmirdilər. Onların hamısını tanıyırıq. Çox gözəl, əxlaqlı insanlardı. Adı hallanan Nicat müəllim tarix müəllimidir. Çox gözəl müəllimdir. Aybəniz müəllimənin adını hallandırırlar. O da yaşlı qadındır, gözəl də müəllimədir. Heç kim deyilənləri dəstəkləmir. İndiyə qədər direktordan bir dəfə də olsun, xırda bir etikadan kənar hərəkət, davranış görməmişik”.

Daha sonra isə Rza Rzayevin iddialarında adını hallandırdığı Aybəniz Mirzəliyeva ilə də görüşdük. Müəllimə bildirdi ki, o, mətbuata açıqlama vermək istəmir. Ancaq bütün sözlərini, şikayətini müvafiq qurumlara edib. Söylədi ki, haqqında deyilən şər-böhtanlarla bağlı rəsmi qurumlar tərəfindən tədbir görülməsini istəyib.

Nəhayət, məktəbin direktoru Tural Mirzəliyevlə də söhbət etmək imkanı qazandıq. Onunla elə dəhlizdə söhbət etdik. T.Mirzəliyev öncə dedi ki, komissiyanın icazəsi olmadan geniş müsahibə, açıqlama verə bilməz. Daha sonra isə hadisə ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdi.

Direktor bildirdi ki, hazırda əsas işi səbrlə prosesləri izləmək, kollektivi sakitləşdirməkdir: “Orada nə baş veribsə, videogörüntülərdən hər kəs müşahidə edib, eşidib. Hələ videoda Rza Rzayevin səsləndirdiyi söyüşlərin çox az qismi yer alıb. Həmin görüntüləri mən müvafiq orqanlara təqdim etdim. Oradan kimsə hesab edib ki, bu materiallar ictimailəşməlidir. Yəni o görüntüləri mətbuata mən ötürməmişəm. Rza Rzayev əgər mənə hörmət qoymursa, nə üçün tamaşasına çağırıb, hələ mənə yer də göstərirdi ki, qabaqda otur. Çalışıram ki, təxribat olmasın. Yəni valideyn də, müəllim də fərqli bir səbrin yiyəsidir. Elə olar ki, kimsə səbrsiz davranar. Ona görə də özümdən çox bu dəqiqə Zeynəb Rzayevanı qorumağı düşünürəm. Kollektivdən müəllimlər deyirdilər ki, dərslərə girməyəcəyik, valideynlər uşaqlarını məktəbdən çıxarmaq istəyirdilər. Onların hamısına bildirdim ki, belə hallara ehtiyac yoxdur. Hazırda yaradılan komissiya təkcə bu söhbəti deyil, ümumiyyətlə, məktəbdəki işi araşdırır, yoxlayır. Mən sadəcə, müəssisə rəhbəri kimi çalışıram ki, məktəbin işi pozulmasın. Müəllimlərə də demişəm ki, biz müəllimik və heç bir iş təlim-tədris prosesini pozmamalıdır. Ona görə də hamını səbrli olmağa çağırıram. Özüm də direktor kimi səbrimi qoruyuram”.

Dəhlizdə söhbət etdiyimiz zaman şagirdlər də direktora yaxınlaşıb, ona hər cür dəstəyə hazır olduqlarını bildirirdilər. Tənəffüs vaxtı olduğu üçün uşaqlarını məktəbə gətirən, dərsdən aparan valideynlər də Tural Mirzəliyevlə görüşüb, ona dəstək fikirlərini ifadə edirdilər.

İctimaiyyətdə belə bir fikir də var ki, direktor və onun ətrafında olan şəxslər otağa kamera qoyub, Rza Rzayevi təxribata çəkiblər. Bütün bu deyilənlərə də aydınlıq gətirmək üçün Tural Mirzəliyevlə onun kabinetinə yollandıq.

Müşahidə etdik ki, otaqda kameradan başqa monitor da quraşdırılıb. Həmin monitorda kameranın çəkdiyi görüntülər əks olunur.

Direktor da bildirdi ki, Rza Rzayev burada olan zaman da çəkilişin getdiyini bilirdi və kamera, monitor açıq vəziyyətdə idi. O, söylədi ki, heç bir qurama işdən söhbət gedə bilməz. Çünki burada kamera olduğunu hər kəs görür və bilir.

 

 






Fikirlər