Şəhid qızını maşınla öldürən BİZNESMEN oğlunun işindəki müstəntiq qovulubmuş - SƏBƏBLƏR

Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc hakim qarşısına çıxarılır. O, iş adamının oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası davam edir. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılır.

Musavat.com-un əldə etdiyi məlumata görə, baş verən qəza hadisəsi ilə bağlı açılan cinayət işi üzrə istintaqı aparan müstəntiq Vüqar Abbasov işdən çıxarılıb. Onun hazırda sərəncamda olduğu bildirilir.

Müstəntiqin işdən çıxarılmasına səbəb vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verməsidir. Belə ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı törədən şəxsin Rəhim Rəhimov yox, onların ailə sürücüləri olan Əmrulla Şahbazov olduğu göstərilib.

Əmrulla Şahbazovdan qəzanı törətdiyini etiraf edən ifadə belə, alınıb. Lakin qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb. Hadisə şahidləri qəzanı törədən şəxsin gənc oğlan olduğunu görməsi istintaqın axarını dəyişib. Qəza ilə bağlı açılan cinayət işi Vüqar Abbasovdan alınıb. Yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz Rəhim Rəhimov törədib.

Müstəntiq Vüqar Abbasov hətta Rəhim Rəhimovdan ifadə almışdı ki, qəzanı törədən şəxs Əmrulla Şahbazov olub. Amma məhkəmədə Rəhim Rəhimov və Əmrulla Şahbazov yalan ifadə verdiklərini etiraf ediblər. Onlar müstəntiqin təklifi ilə belə bir ifadə verdiklərini qeyd ediblər. Rəhim Rəhimov məhkəmədə hadisə yerindən qaçmasını və yalan ifadə verməsini izah edərkən söyləmişdi ki, hadisə yerinə gələn polis əməkdaşları ona atasını tanıdıqlarını və ailə sürücüləri gəldikdən sonra getməsini deyiblər.

Əldə etdiyimiz digər bir məlumata görə, bu cinayət işinin başdan yalnış şəkildə araşdırılmasının səbəbi Rəhim Rəhimovun atasıdır. Belə ki, onun təzyiq və təklifləri ilə müstəntiq tərəfindən qəzanın törədilməsi sürücü Əmrulla Şahbazovun adına yazılıb. Amma bu plan baş tutmayıb.

Əmrulla Şahbazov məhkəmədə ifadə verərkən bildirdi ki, Rəhimə atasından xəbərsiz maşın verdiyi üçün məsuliyyəti öz üzərinə götürmək istəyib. Bu səbəbdən də müstəntiqə qəzanı Rəhimin yox, özünün törətdiyini deyib.

Amma Əmrulla Şahbazov məhkəmədə suallara cavab verərkən söyləyib ki, qəzanı özünün törətməsi ilə bağlı ifadə verməsini müstəntiq istəyib: "Mən sadəcə ağ vərəqə imza çəkdim. Mən oxuya bilmirəm".

Məhkəmə qərar verib ki, işi araşdıran müstəntiq də dindiriləcək.

İttihama görə, R.Rəhimov ölümlə nəticələnən qəza törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilir. R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib. R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.






Fikirlər