Bayılda “ŞİRİNLİKlə” ev tikənlərin ACI GÜNLƏRİ başlayıb
Bayıl yamacındakı sürüşmə ərazisində müəmmalı vəziyyət davam edir. Belə ki ərazidə hazırda sürüşmə prosesi dayansa da, mütəxəssislər bir gün sonrakı vəziyyətin necə olacağını proqnozlaşdıra bilmirlər. Hazırkı durumla bağlı “Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, onlar ərazidə işlər aparmaqda davam edirlər: “Hələ ki ərazidəki vəziyyətdə elə bir ciddi dəyişiklik yoxdur. Sürüşmənin aktiv fazadan çıxdığını da söyləmək olmaz. Bu ifadəni biz hələ ki işlədə bilmərik. Tədqiqat işləri onsuz da gedir. Hazırlaşırıq ki, növbəti həftədən orada başqa geoloji işləri həyata keçirək. Deyim ki, orada baş verən sürüşmə hadisəsinin səbəbi yaxın günlər, aylarla bağlı deyil. 2004-cü ildə orada işləyib, hesabat hazırlamışıq. Həmin hesabatda ərazini sürüşməyə məruz qalacaq, təhlükəli yer kimi qeyd etmişik. Hesabatımız Dövlət Arxiv Fondunda bu gün də saxlanılır. Həmin zaman hazırladığımız xəritədə sürüşmə yerlərini konkret olaraq qeyd etmişik. Deyim ki, bu gün sürüşmənin baş verdiyi ərazi hələ 2004-cü ildə göstərdiyimiz konturların daxilində gedir. Ərazi sürüşməyə meyllidir. Orada suvarma və digər bu kimi işlər olduqda isə sürüşmə aktiv fazaya keçir”. Mütəxəssislər hesab edirlər ki, orada əslində sürüşməyə yaxın yerlərdə evlərin tikintisi aparılmalı deyildi. Tikintinin aparılması nəticəsində yamacın kəsilməsi, sürüşmənin aktivləşməsinə səbəb olan amillərdəndir. Sakinlər isə “Yeni Müsavat”a bildiriblər ki, ərazidə evi xəbərsiz, gizlin formada tikməyiblər. Başda Səbayel Rayon İcra Hakimiyyəti olmaqda digər müvafiq qurumları məlumatlandırıb, onlara “şirinlik” verdikdən sonra evlərini tikiblər. Hazırda Bayıl yamacında məskunlaşan sakinlərə Səbayel Rayon İcra Hakimiyyəti tərəfindən kirayə pulu verilir və onlar ərazidən çıxarılır. İlkin mərhələdə onların 11 aylıq müddətə ərazidən uzaqlaşdırılması nəzərdə tutulub. İndiyə qədər ərazidə 4 fərdi ev uçub ki, onlara da birdəfəlik kompensasiyanın veriləcəyi söylənilib. Fevralın 10-da həmin ərazidə tam dağılmış bu yaşayış evlərinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbayel Rayon İcra Hakimiyyətinə tapşırılmışdı. Lakin hələ ki kompensasiyadan heç bir xəbər yoxdur. Eyni zamanda, bəzi sakinlər verilən kirayə pulu ilə də razı deyillər. Onlar bildirirlər ki, 250 manata Bayıl ərazisində kirayə ev tapmaq mümkün deyil. Uşaqlarının məktəb məsələsi və digər bu kimi problemlər olduğu üçün narazı sakinlər kənardan ev tutmağın onlara sərf etmədiyini söyləyirlər. Lakin verilən kirayə pulu ilə razılaşıb, evini tərk edənlər də az deyil.
Ərazidəki vəziyyətlə bağlı “Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı bildirib ki, kirayə pulu ilə bağlı onlar da etiraz ediblər: “Açıqlama verdilər ki, 8 nəfərdən çox ailə üzvü olanlara 300 manat kirayə pulu verəcəklər. Lakin bizim ailədə 9 nəfər olduğu halda 250 manat köçürüblər. Ona görə də narazı qalıb, Səbayel Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Lakin verilən məbləğlə razı qalıb, kirayə köçənlər də var. Bu günlərdə dedilər ki, aşağı məhəllələrə təbii qazın verilişini bərpa edəcəklər. Hansı ki, həmin ərazilər sürüşmənin baş verdiyi yerdən xeyli aralıdadır. Ancaq hələ ki, konkret olaraq qaz verilişi bərpa edilməyib. İnsanlar demək olar ki, hər gün evlərinə gəlib, nəzarət edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bildirirlər ki, ərazidə hər hansı bir aktivlik yoxdur”. Sakin İlham Nurulu söyləyib ki, ailəsinə 200 manat kirayə pulu təklif olunsa da onlar bu pulu almaqdan imtina ediblər:“Çox pis vəziyyətdə qalmışıq. Qazı, suyu, işığı kəsiblər, camaat evində odun sobası yandırıb, kənd şəraitində yaşayır. Heç bir söz də demirlər ki, məhəllənin qazını nə zaman verəcəklər. Əslində bizim ev sürüşmə sahəsində xeyli aşağıdadır. Ancaq adımızı siyahıya salıb, köçməyimizi tələb edirlər. Ailə var ki, 6-7 nəfər üzvü var. Onlara gətirib 250 manat kirayə pulu veriblər. Bu qiymətə də ev tapmaq çətin məsələdir. 1 otaqlı evlər elə 250 manata kirayə verilir. Camaat görür ki, bu pulu götürsələr gərək gedib üstünə ciblərində əlavə pul qoyub kirayə ev tutular. Ona görə də çox adam pulu götürməyib havaların qızmasını gözləyirik. Deyirlər ki, havalar qızan kimi qayıdıb, öz evimizdə yaşayacağıq. Yəni bir sözlə aləm qarışıb, bizə kömək edən də yoxdur. Ərazidə prokurorluğun yaratdığı komissiya fəaliyyət göstərir. Onlar da bizi çağırıb soruşurlar ki, burada ev tikməyə icazəni kimdən almısınız, neçənci ildə ev tikmisiz və sairə. Sürüşmə baş verən ərazidə isə heç bir aktivlik müşahidə olunmur. Bir neçə gün öncə güclü yağışlar yağanda camaat düşündü ki, sürüşmə aktivləşəcək. Ona görə hər kəs evini tərk etdi. Ancaq heç nə olmadı. Camaat səhər məhəlləyə qayıdıb, küçədə tonqal qalayıb, samovar qaynadırlar. Axşam isə kim qohum evində yaşayırsa, ora, kirayə ev tutan da həmin mənzilə gedir. Görək nə zamana qədər bu cür davam edəcək. Vəziyyətimiz çox pisdir”.