AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ KİTAB SƏRGİSİ - FOTO

Azərbaycan Dillər Universitetində kitab sərgisi - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) kitab sərgisi təşkil olunub.

AzerTaym.az-a Universitetdən bildirilib ki, sərgi ADU-nun A.S.Puşkin adına Rus Dili Dövlət İnstitutu və “Dom russkoqo zarubejya imeni Aleksandra Soljenitsina” - Dövlət Mədəniyyət Müəssisəsinin əməkdaşlığı çərçivəsində baş tutub.

ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri dosent Seyfəl Həsənov universitetdə belə bir sərginin təşkil edilməsini müsbət hal kimi qiymətləndirib və qonaqları iştirakçılara təqdim edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, mütaliə cəmiyyətin təkcə indiki vəziyyətinə deyil, eyni zamanda, gələcəyinə olan münasibətinin göstəricisidir.

Dom russkoqo zarubejya imeni Aleksandra Soljenitsina” - Dövlət Mədəniyyət Müəssisəsinin beynəlxalq və regionlararası əməkdaşlıq şöbəsinin müdiri Yelena Krivova kitabxanaların gənc nəslin tərbiyəsindəki rolundan söhbət açıb, insanın sosiallaşma prosesində mütaliəyə ehtiyac duyduğunu bildirib.

Daha sonra rejissor Serqey Zaytsev tərəfindən lentə alınmış “Taqanski qalağında səfirlik” sənədli filmi nümayiş olunub və ADU-nun tələbə xoru “Podmoskovnıye Vechera” mahnısını ifa edib.

Azərbaycan Respublikasında “Rossotrudnichestvo” nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin dəvətə görə rektora və ADU-nun rusiyasünaslıq elmi-tədqiqat laboratoriyasına öz minnətdarlığını bildirib. O, səmərəli əməkdaşlıq üçün ADU-nun platformasından istifadə etmək təklifini irəli sürüb.

Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Yevgeniy Proxorenko ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxalq konfransın əhəmiyyətini diqqətə çatdırıb. O, bu konfrans sayəsində multikulturalizm dəyərlərini dünyada yaymağın mümkünlüyünü vurğulayıb.

Y.Proxorenko Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” kitabını ADU-nun rektoruna təqdim edib.

Daha sonra “ “Dom russkoqo zarubejya imeni Aleksandra Soljenitsina” - Dövlət Mədəniyyət Müəssisəsi tərəfindən ADU-ya 300 kitab hədiyyə olunub.

Sərgidə Rusiyanın tarixi, fəlsəfəsi, ilahiyyatı, ədəbiyyatı, incəsənəti, rus köçünün tarixi və mədəni irsi, rus dilində lüğətlər və dərsliklər haqqında kitablar nümayiş olunub.

Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Məmməd Əliyev bildirib ki, bu gün müasir insan mütaliəyə az vaxt sərf etsə də, kitab ən yaxşı hədiyyə olaraq qalır. O, ADU-nun professor-müəllim heyəti və tələbələrinə “Rus dili dünya təhsil məkanında” təlimi üzrə sertifikatları təqdim edib.

Qeyd edək ki,Dom russkoqo zarubejya imeni Aleksandra Soljenitsina” - Dövlət Mədəniyyət Müəssisəsi emiqrasiyanın mənəvi və maddi mədəniyyət abidələrinin fondunu formalaşdıran, özündə muzey, arxiv, kitabxana, elmi-tədqiqat, informasiya-nəşriyyat, eləcə də mədəniyyət və təhsil mərkəzinin funksiyalarını birləşdirən unikal bir kompleksdir.






Fikirlər