“ŞƏMKİRİN icra başçısı Fazil Məmmədovu satmağa hazırdır” – ŞOK İDDİA
Sabiq vergilər naziri Fazil Məmmədov tənha qalıb. Bir neçə ay əvvələ qədər əmrinə müntəzir olan, onun sayəsində yüksək mənsəb sahibinə çevrilmiş bir çox məmur artıq sabiq nazirlə məsafə saxlamağa başlayıb. Belə məmurlardan biri də Şəmkirin icra başçısı Alimpaşa Məmmədovdur. Bu həmin Alimpaşa Məmmədovdur ki, cavanlığında tamadalıqla gün keçirib, toydan-toya, məclisdən məclisə 5-10 manat sahibi olub. Həmin günlərin birində də onun bəxt ulduzu parlayıb. O dövrlər yeni nazir təyin olunan Fazil Məmmədov kefinin saz vaxtında məclisdə dil-dil ötən tamadanın yanına çağırılmasını sifariş edib. Tamada gəlib və məclisdə seçilən qonağın şəninə mədhiyyələr söyləyib. Kənd tamadası olan Alimpaşa Məmmədovu bir neçə gün sonra Vergilər Nazirliyinə çağırıblar. Nazirliyə tamada kimi gedən Alimpaşa Məmmədov oradan qayıdanda artıq vergi əməkdaşına çevrilib. İllərlə vergilər sistemində çalışandan sonra Fazil Məmmədov özünün qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir rayonuna Alimpaşa Məmmədovu başçı göndərtdirə bilib. Bu gün Alimpaşa Məmmədov daha tamadalıq eləmir. Amma tamadalıq peşəsinin vərdişlərini də unuda bilmir. Şəmkirdə idarə, müəssisə və təşkilatların rəhbərləri onun iclasbazlığından beziblər. İcra başçısı, demək olar ki, hər gün iclas keçirir, saatlarla danışır, vədlər verir, sözdə görüləcək işləri bəh-bəhlə rəhbər işçilərə təqdim edir. Başçı iclas keçirdiyi saatlarda isə vətəndaşlar saatlarla rəhbər işçilərin qapısı ağzında onların işə gələcəyi ümidi ilə gözləyirlər. Rəhbər işçilər isə iclaslardan sonra iş yerlərinə çatınca görüləcək işləri birə-beş artır, vətəndaşları qəbul etməyə vaxtları qalmır. Təbii ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur.
Deyilənə görə, sabiq vergilər naziri illər öncə atdığı addıma görə peşmandır. Vaxtilə vəzifə verdiyi əksər adamlar kimi Alimpaşa Məmmədov də sabiq nazirdən qaçır. Bu ilin aprelində Gəncə Beynəlxalq Klinikasına yerləşdirilən sabiq vergilər naziri Fazil Məmmədov bu gün də orada müalicəsini davam etdirir. Alimpaşa Məmmədov Gəncə ilə Şəmkir arasındakı 15-20 dəqiqəlik yolu qət edib Fazil Məmmədovu yoluxmaq əziyyətinə qatlaşmaq belə istəmir. Onun kreslosunu qorumaq üçün belə bir addım atdığı bildirilir. F.Məmmədovun təyin etdirdiyi sabiq və keçmiş icra başçıları da ona baş çəkməyib. Söhbətlər dolaşır ki, həmin icra başçılarını F.Məmmədov vəzifəyə təyin etdirsə də, onlar vəfasızlıq ediblər. Bunu dönüklük kimi qiymətləndirən də, kreslosunu qorumaq istəyi ilə əlaqələndirənlər var. Onu da əlavə edək ki, 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu son zamanlara qədər sirr olaraq qalırdı. Mətbuatda yazılanlardan məlum olur ki, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır. İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb. Çernobıla yardıma gedənlər və orada xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədovun bu statusdan heç zaman istifadə etmədiyi deyilir. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı, ümumiyyətlə, tərcümeyi-halında göstərməyib. Alimpaşa Məmmədov haqda isə özəl mənbələrdən “Yeni Müsavat”a daxil olan bir başqa xəbəri oxucuların diqqətinə çatdırırıq. Mənbə bildirir ki, Alimpaşa Məmmədov bəlli dairələrə Fazil Məmmədova qarşı ifadə verməyə, necə deyərlər, onu “satmağa” hazır olduğunu deyib. Bir şərtlə ki, ona toxunulmasın. Yaxın günlərdə Şəmkirin icra başçısının bu təklifinin nə qədər keçərli olub-olmadığı bilinəcək...Alimpaşa Məmmədov vəzifəsini qorumaq üçün keçmiş patronu haqda “ötmək” istəyir