MƏŞHUR VERGİ GENERALI “VURULDU” – HABİL MƏMMƏDOV vəzifəsindən uzaqlaşdırıldı!
Vergilər naziri Mikayıl Cabbarov sabiq nazir Fazil Məmmədovun ən məşhur kadrlarından birini – Habil Məmmədovu vergi sistemindən uzaqlaşdırıb. “AzPolitika.info”ya vergi sistemindən daxil olan məlumata görə, Habil Məmmədov dünən vergilər nazirinin müşaviri vəzifəsindən azad edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri olan H.Məmmədov ötən ilin dekabrında prezident tərəfindən vəzifəsindən uzaqlaşdırılan sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadrlardan biri hesab olunurdu. 1995-ci ildən vergi orqanlarında çalışan və Vergi Auditi Departamentinin rəisi, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru və nazirin müşaviri kimi mühüm postlar tutan Habil Məmmədovun Fazil Məmmədovun ardınca dərhal işdən azad ediləcəyini gözləyənlər çox olsa da, yeni nazir Mikayıl Cabbarov gözlənilənin əksinə olaraq, xeyli müddət onun təcrübəsindən istifadə etdi. Bununla yanaşı, bəzi mətbu orqanlarda sözügedən vergi generalının adı Vergilər Nazirliyindəki neqativ hallarla əlaqədar çəkilirdi. Lakin bir çox mütəxəssislər və vergi işçiləri onu vergi sisteminin təkmilləşdirilməsində və nizam-intizam yaradılmasında xidmətləri olan savadlı və təcrübəli kadr kimi tanıdıqlarını bildirirlər.