Cahangir Hacıyevlə bağlı YENİ XƏBƏRLƏR
Beynəlxalq Bankı taladığına görə həbs olunan bankir saxlanma şəraitindən gileylənir Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qardaşının saxlanma şəraitinin dözülməz olması ilə bağlı baş prokuror Zakir Həsənova yenidən müraciət edib. Qardaşı ilə görüş məsələsi problem olaraq qalır. Belə ki, C.Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində 2017-ci ilin oktyabrından 2018-ci ilin may ayına qədər onunla görüş verilməyib. Bakı İstintaq Təcridxanasına köçürüldüyü vaxtdan, sentyabrın 15-dən indiyədək yenə də görüş verilmir, halbuki iş üzrə istintaq çoxdan başa çatıb. “Ailə üzvü kimi Cahangir Hacıyevlə ancaq mən görüşürdüm. Mənimlə görüşə qadağa qoyulması, sadəcə, məhdudiyyət deyil, Cahangir Hacıyevə qarşı işgəncədir. Bunun başqa adı yoxdur. Cahangirə qəzet vermirlər, dərmanların verilməsini yubadırlar. Sizə dəfələrlə müraciət etmişik, amma cavab yoxdur. Məhkəməyə müraciət etmişik, ərizələrimizə baxmayıblar, onları itiriblər. Cənab baş prokuror, axı məhbusun da hüququ var, elə deyilmi? Cənab baş prokuror, Cahangir Hacıyevin saxlanma şəraitinin dözülməz olması barədə məlumatı nəzərinizə çatdıraraq bu işgəncələrə son qoyulmasını xahiş edirəm”, - Ə.Hacıyevanın müraciətində deyilir. Beynəlxalq Bankın keçmiş rəhbəri C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, bankın yüz milyonlarla manat vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilən C.Hacıyev isə ittihamları qəbul etmir. Bankın vəsaitlərinin müxtəlif böyük layihələrə xərcləndiyini, bunu hökumətin özünün də bildiyini deyir. C.Hacıyev həbsinə görə həm də maliyyə naziri Samir Şərifovu ittiham edirdi. Bu ilin sentyabrında Bakı İstintaq Təcridxanasına köçürüləndən sonra Cahangir Hacıyevin həbsdə aclıq aksiyasına başladığı xəbəri də yayılmışdı. Bildirilirdi ki, Cahangir Hacıyev ona təzyiqlərin artmasına etiraz edir. Qeyd edək ki, 2015-ci ildə Cahangir Hacıyevin həbsindən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib. Ötən il Azərbaycan Beynəlxalq Bankı 3 milyard 300 milyon dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. Cahangir Hacıyevə qarşı yeni cinayət işi və Bakı İstintaq Təcridxanasına köçürülməsi bu faktla bağlıdır. Cahangir Hacıyev yenə də külli miqdarda mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdəki bankir ABB-nin Moskva filialındakı yeyintilərlə bağlı dindirilib. Cahangir Hacıyevin bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. İstintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırma aparıb. Əminə Hacıyevanın sözlərindən belə aydın olur ki, artıq araşdırma bitib. Əvvəlki istintaq işində Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb. Sonradan iş məhkəməyə göndərilib və bununla bağlı ittihamedici hökm çıxarılıb. Yada salaq ki, bu ilin yanvarında Cahangir Hacıyevin ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, Emin Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə Emin Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.