Nazirlikdə şəhid ailələrinə həsr olunmuş İCLAS - 240 vərəsəylə bağlı QƏRAR VERİLDİ
Daha 161 şəhid hərbi qulluqçu üzrə 240 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu günədək artıq 608 şəhid hərbi qulluqçu üzrə 825 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında qeyd edilib ki, şəhid hərbi qulluqçuların vərəsələrindən notarial qaydada qəbul edilən sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülür. Nazirlikdəki işçi qrupu tərəfindən bu sənədlər diqqətlə təhlil edildikdən sonra müvafiq qərar verilməsi üçün Komissiyaya təqdim olunur. İclasda işçi qrupunun təqdim olunmuş sənədlərlə bağlı məlumatı dinlənilib. Komissiya daha 161 şəhid hərbi qulluqçu üzrə 240 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 473 şəhid hərbi qulluqçu üzrə 474 vərəsə də ödənişlə təmin olunub.