Özünü asan keçmiş məmur haqda RƏSMİ AÇIQLAMA

““Azərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asdı” başlıqlı yazıda Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri barəsində qeyd olunanların heç bir fakta əsaslanılmadan yazıldığını və tamamilə həqiqətə uyğun olmadığını bildiririk”. 

Bu haqda Yeniavaz.com-a Laçın Rayon İcra Hakimiyyətindən verilib. Açıqlamada bildirilir ki, Müqabil Baxış oğlu Baxışov 1972-ci ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olub, əmək fəaliyyətinə Laçın rayonunun Şeylanlı kənd 2 nömrəli tam orta məktəbində tarix müəllimi kimi başlayıb, 01.02.2008-ci il tarixdən 05.06.2012-ci il tarixədək Laçın Rayon Təhsil şöbəsində metodist, məsləhətçi vəzifələrində işləyib, 05.06.2012-ci il tarixdə öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilib.  
“Əlavə olaraq bildiririk ki, o, yenidən 20.06.2013-cü il tarixdə Laçın Rayon Təhsil Şöbəsində vakant olan metodist vəzifəsinə təyin edilmiş və həmin vəzifədə işlədiyi dövrdə 01.05.2014-cü il tarixdən 03.11.2014-cü il tarixədək qabaqcadan heç bir məlumat vermədən üzrsüz olaraq iş yerinə gəlməmiş və harada olması barədə məlumat verməmişdir.  
O, qayıdandan sonra da harada olması barədə heç bir sübut və sənəd təqdim etməmişdir. Qeyd olunanlar nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsi 03.11.2014-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq ləğv edilmişdir.   
Məlumat üçün bildiririk ki, Müqabil Baxışov 18.06.2012-ci il tarixdə sərxoş vəziyyətdə ”Aqroinvest” Kredit İttifaqının Ağcabədi filialına gələrək filialın müdirini söyüb təhqir edərək ona xəsarət yetirmiş, orada yerləşən əşyaları dağıtmış, 300 manat məbləğində maddi ziyan vurmaqla, ictimai qaydaları kobud surətdə pozmuş, vətəndaşlar üzərində zor tətbiq edərək 18.06.2012-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında olan gecə işıqlandırıcı dirəyini sındırmışdır. 31.10.2012-ci il tarixdə Müqabil Baxışov Ağcabədi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə 3 il şərti cəzaya məhkum olunmuş və bır sıra dələduzluq hərəkətlərinə görə Laçın Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qətnaməsi ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla,  4 il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmü ilə  müddətdən əvvəl azadlığa buraxılmışdır. Müqabil Baxışov həbsdən azad olunandan sonra Laçın Rayon İcra Hakimiyyətinə müraciət edərək işlə təmin olunmasını xahiş etmişdir. Onun məhkum edildiyi və məhkəmə hökmündə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunması nəzərə alınaraq o, özünüməşğulluq proqramına cəlb olunmuş, kiçik biznesinin qurmaq üçün özünüməşğulluq proqramı çərçivəsində ona dövlət tərəfindən 07.11.2018-ci il tarixdə 21 (iyirmi bir) baş xırdabuynuzlu heyvanlar verilmişdir. Buna baxmayaraq Müqabil Baxışov təhsil sahəsində işlə təmin olunmasını təkidlə tələb etmişdir. O, Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri və aidiyyəti şöbə müdirləri tərəfindən dəfələrlə qəbul edilmiş, onun təhsil sahəsində işlə təmin olunması məsələsinin müəllimlərin işə qəbulu qaydalarına əsasən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsabiqədə vasitəsilə mümkünlüyü dəfələrlə izah edilmişdir. 
Lakin, o, bundan sonra Laçın rayonunun Ağcabədi rayonunun Taxta Körpü ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən birində direktor müavini vəzifəsinə təyin olunmasını təkidlə tələb etmişdir. Bir daha qeyd edirik ki, Müqabil Baxışov bununla bağlı da dəfələrlə Rayon İcra Hakimiyyətinə və Rayon Təhsil Şöbəsində qəbul edilmiş, pedaqoji işçilərin işə qəbulunun Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqədə iştirak etməklə həyata keçirildiyi ətraflı izah olunmuşdur.
Bununla əlaqədar bildiririk ki, Müqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur”.






Fikirlər