“Mənə, başqa deputatlara inanmayın, amma virusun olduğuna inanın” – Tahir Kərimli

“Mənə, başqa deputatlara inanmayın, amma virusun olduğuna inanın” – Tahir Kərimli

Milli Məclisin deputatı Tahir Kərimlinin Yenisabah.az-a müsahibəsi: 

- Hazırda virusla mübarizədə iki variant təklif olunur. Bir qrup adam iddia edir ki, ciddi karantin rejimi uzadılmalıdır. İkinci qrup isə bildirir ki, qapıları açmaq, insanların dağlara, bağlara getməsinə şərait yaratmaq lazımdır. Bu mövzuda siz nə düşünürsünüz? 

- Mən biraz orta variantın tərəfdarıyam. Hesab edirəm ki, şəhərlərdə insanlar testdən keçirilməlidir və rayonlarda yaşayış üçün imkanları varsa, onlara sağlamlıq kağızı aldıqdan sonra narıncı zona deyilən yerlərdən - Bakı, Abşeron, Gəncə, Sumqayıt və s. getmələri üçün şərait yaradılmalıdır. Məlumdur ki, indiki halda bəzi daşımalarda qanunsuzluq var, sərnişin daşımaları ilə məşğul olan insanlar var, şəhərdən, zonadan icazəsiz çıxmalar mövcuddur. Bunu nə üçün qanuni əsas üzərinə keçirməyək? Doğrudan da əhali Bakı və Abşeronda çoxluq təşkil edir. Bu əhalini bir qədər paylamaq yaxşı olar. Biz bəzən görürük ki, rayondan gəlirlər, yarmarkalarda olurlar, virusa yoluxurlar və bunu bir-birlərinə keçirirlər, daha sonra da xəstəliyi özləriylə rayona aparırlar. Bu məsələlərlə bağlı dəqiq məlumatım var. Xəstə olduğu halda rayona gedib oradakıları da yoluxduranlar az deyil. Ona görə də bayaq da dediyim kimi xüsusi həkim testindən keçməklə rayona getməlidirlər. Əlbəttə, hər gün gəl-get də olmasın, yəni gedirlərsə, müəyyən müddətlik getsinlər. Rejimlə bağlı isə onu deyə bilərəm ki, mən rejimin tam yumşaldılmasını əsaslı hesab eləmirəm. Çünki biz insanların sağlamlığı üzərində eksperiment apara bilmərik. Bunun iki başı var, bəzi dövlətlərdə karantin rejimi daha da yumşaldılıb, bəzilərində də əksinə sərtləşdirilib. Amma yumşaldılan ölkələrin heç də hamısında uğur əldə olunmayıb. Xüsusilə də Azərbaycan şəraitində yumuşaldılsa, virisun yayılma arealı daha da genişlənə bilər. Biz bu yumuşaldılmanın nəticəsini artıq görmüşük, ona görə də ehtiyatlı olmalıyıq. Əvvəl günə 30-40 nəfər yoluxurdusa, indi 300-400 nəfər yoluxur. 

- Narahatlıq doğuran əsas məqamlardan biri də insanların karantin qaydalarına əməl etməməsidir. Maska taxmayan, sosial məsafə saxlamayan, digər vacib tövsiyələrə əməl etməyənlərin sayı getdikcə artır. Sizcə, bu məsuliyyətsizlik, yoxsa insanların sərbəst yaşamaq istəyidir? 

- Bu yaxınlarda Gürcüstandan Azərbaycan əsilli bir deputatın fikri mənə doğrudan da toxundu. O bildirdi ki, Gürcüstanda xəstəlik və yoluxma ona görə azdır ki, onlar qaydalara əməl edirlər. Çünki vətəndaş məsuliyyətini hiss edirlər. Təəssüf ki, bizdə bu məsuliyyət yoxdur və həmin deputat da mənə açıq şəkildə bildirdi ki, Azərbaycanda insanların qanuna hörmətsizliyi nəticəsində yoluxma artıb. Əlbəttə, o əsli azərbaycanlı olan biri kimi bunu ürək ağrısı ilə deyir. Amma doğrudan da onun dediyi kimidir, biz qanunlara əməl etmirik. Evdə qalmaq, maska taxmaq, məsafəni qorumaq o qədərmi çətindir? Niyə biz riayət etmirik? Mən 10 gün əvvəl polislərdən soruşdum ki, bu insanlar gəzirlər, siz niyə onlara toxunmursuz? Cavab verdilər ki, xalqımızdır, cərimə edə bilmirik, əlimiz gəlmir. Əhalinin əksəriyyətinin maskasız gəzdiyini dedilər. Doğrudan da haqlıdırlar. Bu insanların arasında maarifləndirmə aparmaq lazımdır. Çoxlu sayda fikirlər yayırlar ki, guya virus yoxdur. Bir ara şayiə dolaşırdı ki, guya şəxslərə pul verirlər ki, kiminsə rəhmətə gedən adamının ölüm səbəbini koronavirus qoysunlar. İndi də tərsini iddia edirlər ki, yoluxanların, ölənlərin koronavirus olduqlarını gizlədirlər. Ona görə də bu cəmiyyəti başa düşmək bir qədər çətindir. Hamı səbrli olmalı, qanunlara riayət etməlidir. 

- Son statistikaya görə, Azərbaycanda koronavirusa yoluxanların sayı 13 min nəfəri ötüb. Ölü sayı isə 170-ə yaxınlaşır. Amma hələ də bu xəstəliyə qeyri-ciddi yanaşan, hətta onu hansısa dövlətin “oyunu” adlandıranlar da var. İnsanlarda inamsızlıq nə ilə bağlıdır? 

- Rusiyada bizdən bir qədər sonra virus başladı. Amma indi ölümlərin sayına görə Rusiya bizi dörd dəfədən artıq üstələyir. Ermənistanda da bizdən çoxdur. Qonşu ölkələrdən bir Gürcüstanda vəziyyət nisbətən yaxşıdır. Ancaq bütün baş verənlərə baxmayaraq, hələ də iddialar var ki, virus süni şəkildə yaradılıb, guya bunu massonlar, yaxud Bill Qeyts yaradıb. Hamı haqqında danışırlar. Bunun hansı yolla yaradılmasının dəxli yoxdur. Söhbət ondan gedir ki, sən özünü qorumalısan, çünki faktiki olaraq bu xəstəlik var. Kimin yaratmasına yox, qorunmağa diqqət etmək lazımdır. Gözümüzün qabağında canlar alır. Açığını deyək ki, bizdə-Milli Məclisdə də yoluxan oldu. Hətta Prezident Administrasiyasında da yoluxanlar var. Bu yaxınlarda eşitdim ki, Gömrük Komitəsində də nə qədər adam virusa yoluxub. Hər yanda virus və yoluxanlar var. Axı bu insanlar niyə inanmır? Ola bilər ki, inamsızlıqda çağırış edən şəxslərin statusu da müəyyən qədər rol oynayır. Bu fakt da var. Məsələn, tutaq ki, hansısa bir deputat, yaxud mən insanlara çağırış edirik və bizim sözümüzə inanmırlar. Amma söhbət millətin taleyindən, özümüzdən gedir axı, koronavirus nə vəzifə, nə var-dövlət tanıyır. Artıq xəstəxanalarımızda yerlər çatışmır. Mən deputatı olduğum Ağsu rayon Mərkəzi Xəstəxanası artıq koronavirus üçün ayrıldı. Biz buna etiraz da edə bilmirik. Dediyim odur ki, yoluxma sayı artmaqda davam edir və bunun qarşısı alınmalıdır. Mən hətta bir dəfə dedim ki, niyə bizdə təkcə maska taxmayanlar cərimələnir? Bu yalandan şayiələr yayanlar var, onları da məsuliyyətə cəlb etmək lazımdır ki, xalqı çaşdırmasınlar. Dövlət nəinki maddi ziyana düşür, eyni zamanda bütün istehsal, mədəni həyat pozulur. Sağlamlıq əldən gedir. Bu şəxslərə qarşı da təcili tədbir görülməlidir.

- Azərbaycan cəmiyyəti koronavirusdan hansı dərsləri çıxarmalıdır? Sizcə, təhlükənin miqyasını anlatmaq üçün başqa hansı addımlar atılmalıdır? 

- Hesab edirəm ki, həm Azərbaycanda, həm dünyada koronavirusun nəticələri barədə daha çox müzakirələr gedəcək və qiymət veriləcək. Bəziləri deyir çip taxacaqlar, insanları izləyəcəklər və s. Əslində, bunu doğrulayan bəzi səbəblər olur. Rusiya Dumasında müəyyən qanunun qəbul edilməsi, ABŞ-da qanunvericilikdəki dəyişikliklər filan biraz inandırır ki, hə, bu dünyanı idarə edənlərin işidir. Amma yenə deyirəm ki, əsas virusun can aldığına inanmaq lazımdır. Gərək hansısa yaxınımız yoluxduqdan sonramı inanaq? Buna dövlət və xalq səviyyəsində qiymətin verilməsi biraz sonra olacaq. Bu, çox ciddi xəstəlikdir. Mən inanmıram ki, bunun dərmanını tapmaq mümkün olsun. Çünki koronavirus özü bakteriyadan on dəfə böyükdür və hüceyrənin içərisinə daxil olur, amma onun özünün hüceyrəsi yoxdur. Özünü hüceyrəsi yoxdursa, deməli, bu canlı deyil. Amma digər tərəfdən də əgər bu hərəkət edib hüceyrənin daxilinə girirsə, onda necə deyək ki, bu canlı deyil? Heç alimlər bunun sirrini tapa bilmirlər. Bunun sirrini tapmaq lazımdır, bilmək lazımdır ki, virus canlıdır, ya yox. Çox ağır bəladır. Bilmirəm, ola bilər ki, doğrudan da laboratoriya şəraitində yaradılıb. Xalq özünü gözləməlidir. 

- İki həftəlik sərt karantin rejimiylə bağlı qərar birmənalı qarşılanmadı. Hətta açıq şəkildə “mənim həyatımdan sizə nə?” deyənlər də var. Siz ölkədə vəziyyətdən çıxış yolunu nədə görürsünüz? 

-Hər halda iki həftəni gözləməliyik. Karantini ya yumşaltmaq lazımdır, ya daha da sərtləşdirilməlidir. Bunu müəyyən etmək üçün iki həftəlik nəticələrə baxılmalıdır. Əgər ciddi karantin rejiminin yaxşı nəticələri olarsa, yumşaltmalara getmək olar. Çünki dövlətin təsərrüfat həyatına da böyük ziyan vurur, bəzi çətinliklər yaranır, cəmiyyət üzərində böyük narahatlıqlar var. 






Fikirlər