“Ermənistan mülki əhalini hədəf alıb müharibə cinayətləri TÖRƏDİR”
Türkiyənin Müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qüvvələri komandirləri və nazir müavinləri Yunus Emre Karaosmanoğlu və Alpaslan Kavaklıoğlunun iştirakı ilə videokonfrans keçirilib. “AzerTaym.az" bildirir ki, Hulusi Akar konfransdan sonra Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fikirlərini bölüşüb. O, Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş əraziləri xilas etmək üçün başlatdığı əməliyyata toxunaraq, Türkiyənin bu haqlı işdə Azərbaycanın yanında olduğunu bildirib. Azərbaycanın işğal olunmuş ərazilərin geri qaytarılmasını və işğalçı ermənilərin oradakı torpaqları tərk etməsini istədiyini söyləyən Akar qeyd edib: “Sonadək azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olmağa davam edəcəyik. Terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan cəbhədəki qəhrəman Azərbaycan ordusu qarşısında məyusluğa uğradıqdan sonra yalanlarla qara təbliğata başladı. Hamısının yalan olduğu tez bir zamanda ortaya çıxdı. İndi isə barbar və terrorçu mahiyyəti ilə günahsız mülki şəxslərin yaşadığı bölgələri hədəf alır. Mülki yaşayış yerlərində bir çox günahsız insanın ölümünə səbəb olurlar. Ermənistan bu yolla mülki insanları hədəf alaraq müharibə cinayətləri törədir. Bu, hər kəsə məlum olmalıdır”. O, həmçinin Ermənistanı terror təşkilatları ilə əməkdaşlıqdan çəkinməyə və bölgəyə gətirdikləri muzdlu döyüşçüləri geri göndərməyə çağırıb: “ Uşaqlar, qadın və qoca demədən açıq şəkildə günahsız mülki insanları hədəf alan Ermənistan rəhbərliyi, önümüzdəki dövrdə ilk öncə öz xalqı tərəfindən insanlıq vicdanı adına mühakimə olunacaq. Heç kimin buna şübhəsi olmamalıdır. Ermənistan bir daha insanlığa qarşı cinayətlər törətmədən əvvəl işğal etdiyi əraziləri dərhal boşaltmalı, terror təşkilatları ilə əməkdaşlığı dayandırmalı və bölgəyə gətirdiyi muzdluları və terrorçuları ən qısa müddətdə uzaqlaşdırmalıdır”,- deyə Akar qeyd edib.