CƏBRAYIL sevincini yaşadan GENERAL

Cəbrayıl sevincini yaşadan General

Son illər ərzində Azərbaycan Ordusunun tərkibində ən böyük iki möhtəşəm əməliyyata və işğal altında olan yüksəkliklərin azad edilməsinə rəhbərlik edən general-mayor Mayis Bərxudarov artıq ictimaiyyətə yaxşı tanışdı və o, qəhrəman kimi Ordunun simasına çevrilib. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bərxudarov da həmkarı və Qarabağ döyüşlərindəki şücaətinə görə Prezidentdən təbrik alan Hikmət Həsənov kimi işğal altında olan torpaqda anadan olub.

Mayis Şükür oğlu Bərxudarov 20 aprel 1976-cı ildə Qubadlı şəhərində doğulub. 

Uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. 90-cı illərdə Qarabağ müharibəsində şəhid olan müəllimi Əliyar Əliyevə söz verib ki, Azərbaycan bayrağını Ə.Əliyevin şəhid olduğu Laçın koridoruna sancacaq. Hazırda general Bərxudarov bu arzusunun reallaşması istiqamətində uğurlu hərbi əməliyyatlar keçirir, ilkin olaraq isə dünən Cəbrayıl şəhərinə Azərbaycan bayrağını sancıb.

Ermənistan silahlı qüvvələri Qarabağı işğal edən zaman Mayis Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1998-ci ildə baş-leytenant Mayis Bərxudarov kəşfiyyatçı kimi fəaliyyətinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub və bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edib. 

Bu zaman Heydər Əliyev ona “sənə üç otaqlı ev də hədiyyə edirəm” deyir, Bərxudarov isə həmin evi şəhid olmuş əsgərinin ailəsinə bağışlanmasını xahiş edir: “Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm. Mən birtəhər evsiz yaşayaram. Amma onların evləri yoxdur…”

2012-ci ildə polkovnik Mayis Bərxudarov "Vətən uğrunda" medalı ilə, 2018-ci ildə “İgidliyə görə”medalı ilə təltif edilir. Bərxudarov hərbi fəaliyyətində kəşfiyyatçı olduğu üçün açıq mənbələrdə onun bioqrafiyası haqqında ətraflı məlumat yoxdur.

Bərxudarov Azərbaycanın geniş ictimaiyyətinə 2016-cı il “Aprel döyüşləri” zamanı tanınıb. Belə ki, həmin vaxt polkovnik olan korpus komandiri özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb. Məlumata görə, Mayis Bərxudarov həmin döyüşlər zamanı şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.

General isə müsahibələrinin birində bu haqda qısa danışıb: “Əlbəttə, əsgər öz komandirini yanında görəndə daha da ruhlanır, daha da ürəklənir”.

Polkovnik Mayis Bərxudarov elə Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsi ilə şərəfləndirilib.

Bu döyüşlər haqda Müdafiə Nazirliyinin hazırladığı süjetdə M.Bərxudarov deyib ki, Lələtəpə yüksəkliyi qısa müddətdə düşməndən azad olunub:

“Döyüş təqribən 40 dəqiqə davam etdi və ermənilərin mövqelərini tam ələ keçirdik. Düşmən bir atəş də aça bilmədi, çünki səngərdə olanların hamısını məhv etmişdik. Düşmən elə bir hazırlıqlı ordu ilə rastlaşdı ki, qaçmaqdan başqa əlacı qalmadı. Düşmənin bir neçə hərbi qulluqçusu, hətta zabitləri bizə yalvarırdılar ki, onları öldürməyək. Erməni zabitləri deyirdilər ki, “bizi öldürməyin, təslim oluruq və geri çəkilirik”. Biz tapşırıqları Ali Baş Komandanın göstərişi ilə həyata keçiririk. Mən həmin döyüşlər zamanı çox qürur hissi yaşadım ki, bizim belə ordumuz, təminatımız var. Biz öz torpağımız üçün hər dəqiqə, hər an döyüşə girməyə, torpağımızı azad etməyə və lazım olsa, şəhid olmağa hazırıq”.

General Bərxudarov altı ay öncə verdiyi müsahibəsində təkrar “Aprel döyüşlərini” xatırladaraq demişdi ki, həmin zaman Ermənistan ordusu, dövləti çıxılmaz bir vəziyyətdə qalmışdı: “Həmişə olduğu kimi qonşu dövlətlərə, onları himayə edən dövlətlərə yalvarmağa başladılar ki, atəşi dayandıraq, bizimlə razılaşacaqlar. Lakin yenə öz hiylələrindən istifadə etdilər. Mən onlara səslənirəm ki, bizim növbəti döyüşümüz tamam başqa bir döyüş olacaq. Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha görəcəklər".

Mayis Bərxudarov 2019-cu ildə cəbhənin Xocavənd istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçilərin anım mərasimində çıxışında deyib ki, müqəddəs şəhidlik zirvəsi hər kəsə nəsib olmur: “Vətən yolunda canını qurban verən hər bir övladın anası oğlu ilə qürur duymalıdır. Çünki, o şəhid həmin ananın şah əsəridir. Yəni həmin övladı Vətən üçün canından keçəcək qədər cəsur, qorxmaz edən elə şəhidin öz anasıdır ki, onu bu ruhda böyüdüb”.

2019-cu ilin sentyabr ayında "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin açılışı zamanı Azərbaycan Ordusunun Birlik komandiri, general-mayor Mayis Bərxudarov bildirib ki, düşərgədə iştirak edən gənclərin gözündəki sevinc, istək, parıltı müharibənin yaxında olacağından xəbər verir: “İnşallah, siz hərbi xidmətə çağırılmadan öncə biz bu məsələni həll edərik”. 

General 2018-ci ildə Ordu.az saytına müsahibəsində işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinin əhəmiyyətini belə izah edib: “Lələtəpədən duraraq Cəbrayıl rayonunu, Qubadlının bəzi dağlarını, hətta Zəngilana gedən yolu – böyük əməliyyat sahəsini - atəşin təsir edə biləcəyi sahəni nəzarətimizdə saxlaya bilirik. Düşmənin hər fəaliyyətini izləmək üçün yetəri qədər avadanlığımız var. İstər gecə, istərsə də gündüz – günün istənilən saatında düşməni izləməyə qadirik. Növbəti döyüş əməliyyatlarında düşmən canlı qüvvə də itirəcək, texnika da və biz torpaqları qeri qaytaracağıq. Bunu mən əminliklə deyə bilərəm. Özləri də bunu hiss edirlər və ilk səhv addımı atacaqları təqdirdə başlarına hansı oyunun gələcəyini çox yaxşı bilirlər”.

Hazırda general Bərxudarov işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüşlərə rəhbərlik edən şəxslərdən biridir.

 








Fikirlər