Araik Arutunyan Nikol Paşinyana müharibə elan etdi
Ermənistan rəhbərliyi ilə Qarabağdakı separatçı rejimin liderləri arasında həmişə müəyyən narazılıqlar olub. Azərbaycanın 44 günlük müharibə nəticəsində qazandığı qələbədən sonra bu narazılıq gərginlik istiqamətində daha da dərinləşməyə başladı. Yeganə fərq onda idi ki, Araik Arutunyanla Nikol Paşinyanın münasibətləri başqaları ilə müqayisədə xeyli yaxın görünürdü, buna da səbəb Robert Koçaryan və Serj Sarkisyanən Qarabağdakı tərəfdarları Araik Arutunyanın əlindən hakimiyyəti almaq istəyirdilər. Hətta, Araik Arutunyan bu il Ermənistanda keçirilən parlament seçkiləri zamanı məntəqələrin birində Paşinyanın tərəfdarı kimi fəaliyyət göstərmişdi. Nikol Paşinyanın iki gün əvvəl Qarabağla əlaqədar verdiyi açıqlamalar Ermənistanda süngü ilə qarşılanıb. Paşinyan Dağlıq Qarabağın beynəlxalq hüquqa, BMT qanunlarına əsasən Azərbaycanın tərkib hissəsi olduğunu faktiki olaraq etiraf etdi. Separatçı rejim liderlərindən olan David Babayan da dünən mətbuata açıqlama verib “Artsaxın müstəqilliyindən” danışıb və faktiki olaraq Ermənistan baş nazirinin mövqeyinə etiraz etmişdi. Yaranmış vəziyyət Azərbaycan üçün əlverişlidir. Sadəcə məntiqi bir sual meydana çıxır: Araik Arutunyan Nikol Paşinyana faktiki müharibə elan etməklə hansı gücə arxalanır? Bu , onun təkbaşına mövqeyi deyil. Rusiya ola bilərmi? Təbii, burada ilk ağıla gələn Rusiyadır. Amma, Rusiya nə dərəcədə separatçı rejimin istəkləri istiqamətində Azərbaycanla münasibətlərini kəskinləşdirə bilər? Yeni situasiya yaranır və Azərbaycan artıq dolayısı ilə deyil, birbaşa Xankəndi problemini həll etmək üçün aktiv diplomatik siyasətə başlamalıdır. Oxucularda separatçı rejimlə Ermənistan rəhbərliyi arasında yaranmış fikir ayrılığı haqqında aydın təsəvvür olması üçün, eləcə də separatçı liderlərin siyasi kursunu göstərmək məqsədilə Araik Arutunyanın bəyanatını olduğu kimi tərcümə edib təqdim edirik: “Əziz həmvətənlər! Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Azərbaycan-Qarabağ münaqişəsi ilə bağlı son bəyanatlarına və onlarla bağlı narahatlıqlara, xüsusən də Artsax ermənilərinin narahatlığına istinad edərək, müxtəlif açıqlamalarda və bəyanatlarda istinad etdiyim bəzi əsas məqamları fərqləndirmək istərdim. 1. Artsax ermənilərinin öz müqəddəratını təyin etmək hüququnun tam tanınması qeyd-şərt və güzəştlərə tabe deyil, bu məsələnin müstəsna sahibi Artsax erməniləridir. Beləliklə, yalnız Artsax Respublikasının hakimiyyəti Artsax xalqı adından danışmaq hüququna malikdir. 2. Artsax Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınması məqsədi bizim əsas istiqamətimizdir, heç bir hökumət ondan kənara çıxa bilməz. Ona görə də Artsax xalqı və hakimiyyəti bizim məqsədimizə çatana qədər heç vaxt və heç bir şəkildə Azərbaycan daxilində hər hansı statusu qəbul etməyəcək. 3. Təkcə status baxımından deyil, demoqrafiya baxımından da keçmişə dönüş ola bilməz. Əgər Azərbaycan sülhə yox, ermənilərin Artsaxdan qovulmasına hazırlaşaraq öz cəmiyyətini antierməniçiliklə qidalandırmaqda davam edirsə, bu necə birgəyaşayışdır? Əlbəttə, biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq, bu istiqamətdə səylər göstərməyə hazırıq, lakin xalqımızın həyati vacib hüquqları, maraqları, tələbləri müzakirə mövzusu deyil. 4. Artsax Respublikasının ərazi bütövlüyü ən azı 1991-ci ildə Artsax Respublikasının elan edildiyi ərazilərdə bərpa edilməlidir. Ona görə də işğal olunmuş ərazilərimiz işğaldan azad edilməlidir; onların sakinləri öz evlərinə qayıda bilmək imkanları olmalıdır. 5. Artsaxın təhlükəsizliyinə gəldikdə, biz Artsax Müdafiə Ordusunun imkanlarını gücləndirmək üçün səylərimizi davam etdirəcəyik və Rusiya sülhməramlı qüvvələri münaqişənin yekun və ədalətli həllinə və təhlükəsizlik üçün əlavə beynəlxaq təminat olunana qədər Artsaxda daimi və qeyri-müəyyən müddətə qalmalıdırlar. 6. Keçmişdə gedən danışıqlar prosesinin təfərrüatlarına toxunmadan, sadəcə olaraq qeyd etmək lazımdır ki, bu məqam həmişəkindən qat-qat məsuliyyətli və həlledici olub. Ona görə də bizim səhv etməyə haqqımız yoxdur, əks halda bu səhvlər Artsax və ana Ermənistan üçün ölümcül ola bilər. 7. Əgər hər hansı bir erməni Artsaxa dəstək vermək istəyirsə, o, Artsax ermənilərinin iradə və məqsədlərini nəzərə almalıdır, əks halda onlar sadəcə olaraq müdaxilə etməməlidirlər. 8. Bütün hakimiyyətlər müvəqqətidir, lakin bizim məqsəd və mövqelərimizə möhkəm əməl edilməlidir. Milli dəyərlərimiz və məqsədlərimiz ətrafında birləşmə vacibdir və qeyd etdiyim kimi, Artsax ermənilərinin iradəsi və məqsədləri Azərbaycan-Qarabağ münaqişəsinin həllində hər bir erməni və hökumətin rəhbər xətti olmalıdır. Artsax minilliklər boyu erməninin olub və erməninin olaraq qalacaq, Artsax ermənilərinin bu mübarizəni davam etdirmək üçün kifayət qədər iradəsi və strateji səbri var. Kiminsə iradəsindən və fikrindən asılı olmayaraq, əminəm ki, Artsax erməniləri Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması və Vətənin müdafiəsi uğrunda ədalətli mübarizələrini davam etdirəcəklər”. /Moderator.az