"Ərdoğan belə açıqlamanı NATO kimi mühüm tribunadan səsləndirməklə dünya ictimai rəyini Bakının 2025-ci ildə atacağı addıma psixoloji baxımdan hazırlayır. Ərdoğanın dedikləri həmin hadisəyə dəstək alınması xarakteri də daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəklərilə bağı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitindən sonra səsləndirdiyi fikri şərh edərkən deyib.
"10 noyabr üçtərəfli bəyannamədə açıq şəkildə göstərilir ki, hər iki tərəfin, yaxud da tərəflərdən birinin müraciəti əsasında sülhməramlılar yerləşdiyi ərazini tərk edəcək. Bununla da məlum sülhməramlı missiya artıq bitmiş hesab olunacaq. Qərb Rusiyanın regionumuzdan çıxarılması ilə bağlı birmənalı mövqeyə malikdir. Bu mənada NATO ölkələrindən birinin rəhbəri kimi Ərdoğanın həmin açıqlaması təsadüfi sayılmaya bilər. Son zamanlar Ankara Moskva münasibətlərində bəzi gərgin məqamlar yaranıb”, deyə Üzeyir Şəfiyev bildirib.
Həmsöhbətimizə görə, Ərdoğanın rus sülhməramlıları ilə bağlı dediyi fikirlər həm də o anlama gəlir ki, Qərbdə Rusiyanın Cənubi Qafqaz regionundan çıxarılması əsas müzakirə mövzularından birinə çevrilib:
"Onun nəticəsidir ki, ABŞ Azərbayan-Ermənistan münasibətlərinin tənzimlənməsində daha çox birbaşa ikitərəfli danışıqlara üstünlük verir. Qərb bilir ki, Qafqazda rus süngüsü qaldıqca, Moskva neoimperial maraqlardan çıxış edəcək və mövcud münaqişə çözməycək. 2025-ci ildə sülhməramlıların çıxarılmasına qədər də görüləsi işlər var. Azərbaycanın Qarabağ iqtisadi rayonundakı cinayətkar qruplar, qanunsuz silahlı dəstələr birmənalı şəkildə ərazidən çıxmalıdır ki, sülhməramlıların orada qalmasına heç bir zərurət qalmasın. Bu təmizləmə əməliyyatından sonra isə artıq sülhməramlıların orada qalmasına heç bir zərurət qalmayacaq. Qarabağda törədilən təxribatlar daha çox Rusiya tərəfindən edilir. Moskva ərazidə öz mövcudluğunu əbədiyaşar etmək üçün təxribatlara əl atır. Bunu Qərb, ABŞ, Türkiyə və Azərbaycan da bilir. Ona görə də məlum tarixi tez-tez təkrarlayırlar. Bu təxribat əməlləri Bakı tərəfindən toplanır. Zamanında, 2025-ci il ərəfəsində Azərbaycan faktoloji materialla çıxış edərək bildirəcək ki, artıq sülhməramlılara lüzum yoxdur. Əksinə, onlar eskalasiyanın daha da artmasına xidmət edirlər. Ərdoğan bu sözlərilə həm də Azərbaycanın mövqeyini ifadə edir, onun yanında olduğunu göstərir. Bu açıqlama ilə Türkiyə prezidenti indidən Rusiya tərəfinə çatdırır ki, artıq sülhməramlıların ərazidə qalma müddəti azalır”.
Qeyd edək ki, NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistin Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sualını cavablandırarkən Ərdoğan 2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, həmin ildə isə bu yerləri tərk edəcəyini deyib. Türkiyə prezidenti Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.
Fikirlər