Kreml 1992-ci ildə imzalanmış sənədi masaya gətirir - Rus qoşunları ərazidə qala bilər

Kreml 1992-ci ildə imzalanmış sənədi masaya gətirir - Rus qoşunları ərazidə qala bilər

Son günlər Ermənistanla Rusiya arasında gərginlik yenidən artıb. İrəvanda Paşinyan tərəfdarları açıq şəkildə Rusiya hərbçilərinin ölkəni tərk etməsini tələb edirlər. Hakimiyyətin də bu məsələdə onlara dəstək verməsi istisna deyil.

Rusiya tərəfi hələlik məsələyə ciddi reaksiya verməsə də, proses günü-gündən şiddətlənir.

Rusiya hərbçilərinin Ermənistanı tərk edəcəyi realdırmı? Gərginlik nə vaxta qədər davam edəcək? Mövcud vəziyyət rəsmi Bakı üçün nə vəd edir?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan hökuməti Rusiyanın təsirindən qurtulmanın planını sürətlə həyata keçirməyə başlayıb:

“Böyük ehtimalla bu planın hazırlanmasında Brüssel, Paris və Vaşinqton iştirak edir. Bu üçlük Ermənistanı Rusiyadan qoparmağa çalışır.

Plana görə, ilk növbədə Rusiya sərhədçilərinin İrəvandakı “Zvartnots” hava limanını tərki tələb edilməlidir. İrəvan müvafiq məktubu artıq Moskvaya göndərib.

İkinci addım kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini donduran Ermənistan qurumu tərk edəcək.

Üçüncü addım kimi Ermənistanın Gürcüstan, Ukrayna və Moldova kimi Avropa İttifaqına üzvlük statusunun verilməsi ilə bağlı Brüsselə müraciət ediləcək”.

E.Şahinoğlu deyib ki, Kreml bu plana qarşı öz planını ya hazırlayıb, ya da bitirmək mərhələsindədir:

“Misal üçün, Kreml Ermənistan hökumətinin “Rusiya sərhədçiləri “Zvartnots” hava limanını tərk etsin” məktubuna hansısa formada cavab verməlidir. Kreml Rusiya sərhədçilərini hava limanından çıxarmamaq üçün Ermənistanın keçmiş hakimiyyəti ilə 1992-ci ildə imzaladığı sazişə istinad edəcək. Həmin sazişə görə, Rusiya Ermənistanın Türkiyə ilə 345 kilometr, İranla 45 kilometr uzunluğundakı sərhədini qoruyur. Eyni sazişə görə, Rusiya sərhədçiləri Ermənistan sərhədçiləri ilə birgə “Zvartnots” hava limanında da xidmət edirlər.

Ermənistan rəsmiləri Rusiya sərhədçilərinin Türkiyə və İranla sərhədi tərk etməsi barədə indi də açıqlama vermirlər. Onlar rusiyalı sərhədçilərin yalnız hava limanını tərk etməsini istəyirlər. Kreml bunun yarımçıq qərar olmasına işarə edəcək. İrəvan Rusiya sərhədçilərinin Ermənistandan tam çıxarılmasını tələb etməyərək yalnız hava limanını tərk etməsini istəyirsə, Kreml məsələyə müsbət yanaşmaya da bilər. Çünki 1992-ci il sazişi Rusiya sərhədçilərinin Ermənistanda xidmət edəcəyi məntəqələrinin tamamını müəyyənləşdirib”.

E.Şahinoğlu deyib ki, Ermənistan KTMT-ni tərk etməyə hazırlaşarkən boşluğu Avropa İttifaqı hesabına dolduracağına ümid edir:

“Buna sübut kimi Ermənistanın müdafiə naziri Suren Papikyanın Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borellə ünvanladığı məktubu göstərmək olar. Papikyan məktubda Avropa Sülh Fondu vasitəsilə “logistika və hərbi tibb sahəsində” Brüsseldən yardım istəyib.

Avropa Sülh Fondu hazırda Ukraynaya yardım edir və Kiyev göndərilən yardımın həcmindən məmnun deyil. Bu baxımdan Avropa Sülh Fondunun daha uzaq Ermənistana necə yardım edəcəyi və bu hərbi yardımla bağlı Avropa İttifaqının bütün üzvləri arasında konsensus əldə edəcəyi sual altındadır”.






Fikirlər