İRAN PREZİDENTİ VƏ HEYƏTİ QƏZADA HƏLAK OLUB - Helikopterin yanmış qalıqları tapılıb + VİDEO (Yenilənib)

İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib.

APA-nın məlumatına görə, bu barədə İranın Mehr Agentliyi xəbər verib.

Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib.

İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib.

Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.

Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdirib.

Daha sonra Türkiyənin AKINCI pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib.

Qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb.

Artıq İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar. 

 

 

***

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib.

***

22..03

İranın ali dini lideri Ayətullah Xamenei prezident İbrahim Rəisinin qəzaya düşməsi ilə bağlı açıqlama yayıb.

Bu barədə İran mediası məlumat yayıb.

Xamenei bildirib ki, ölkənin işində heç bir axsama olmayacaq.

"Ölkənin işində heç bir axsama olmayacaq... Ümid edirik ki, Allah prezidenti və onun yoldaşlarını millətə qaytaracaq. Hər kəs öz sağlamlığı üçün dua etməlidir", - deyə İranın ali dini lideri bildirib.

***

Xilasetmə briqadaları İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi yerə çatıblar.

Bu barədə İran dövlət telekanalının müxbiri bildirib.

Onun sözlərinə görə, ərazidə qaranlıq düşüb və yağış yağır. Palçıq səbəbindən texnika və insanların hərəkəti çətinləşib. Həmçinin, ərazi dağlıq olduğundan xilasedicilər piyada hərəkət edirlər.

***

İranın vitse-prezidenti Möhsün Mənsuri ölkənin prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi yerə gedib.

Bu barədə rəsmi hökumət nümayəndəsi Əli Bahadori Cəhromi məlumat verib.

"İcra işləri üzrə vitse-prezident hökumətin bəzi üzvləri ilə birlikdə Təbrizə yollandıb", - deyə hökumət nümayəndəsi "X" hesabında yazıb.

Qeyd olunur ki, nazir əməliyyat başa çatdıqdan sonra zərərçəkənlərə yardımı koordinasiya etmək üçün axtarış bölgəsindədir.

***

20:03

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad "Instagram" hesabında hazırkı dövlət başçısı İbrahim Rəisinin öldüyünü elan edib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi isə Prezident İbrahim Rəisinin helikopterinin axtarışı üçün ordunun, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və polisin bütün qüvvələrindən istifadə olunmasını əmr edib.

 

 

***

"İran prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığında sərt eniş edib".

Bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi məlumat verib.

"Prezident duman səbəbindən çətin eniş edən bir neçə helikopterdən birində geri qayıdırdı, xilasedicilər əraziyə gedirlər, lakin duman və pis hava şəraiti səbəbindən bu bir qədər vaxt apara bilər", - deyə nazir bildirib.

Qeyd olunub ki, helikopterdə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və bir neçə İran rəsmisi də olub. Xilasetmə qrupları İran prezidentinin helikopterinin çətin eniş etdiyi əraziyə çatıblar.

Onlar hadisə barədə məlumat verildikdən təxminən bir saat sonra helikopteri axtarmağa başlayıblar. İddia edilən qəza bölgəsində 20 xilasetmə qrupu işləyir və pilotsuz uçuş aparatları yerləşdirilib. Meşəlik dağlıq ərazidə avtomobil yollarının olmaması, eləcə də əlverişsiz hava şəraiti, o cümlədən qatı duman səbəbindən axtarış-xilasetmə işləri təxirə salınacaq.

"Təcili yardım vertolyotu göndərilib, lakin qatı duman səbəbindən yerə enə bilməyib və geri qayıtmaq məcburiyyətində qalıb. Bu bölgədəki duman o qədər güclüdür ki, görmə sahəsini daraldıb", - deyə İranın fövqəladə hallar xidmətindən bildirilib.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd də bildirib ki, ən azı 40 xilasetmə qrupu axtarışlarla məşğuldur, onlardan biri helikopterin sərt eniş yerinə çatıb.

Daha sonra "Tasnim" agentliyi helikopterin sərt eniş yerinin dəqiq aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu, İranın Şərqi Azərbaycan əyalətinin Uzi kəndi ərazisində baş verib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin rəsmi "Instagram" hesabında "Mənim üçün dua edin" sözləri ilə paylaşım edilib.

***

İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

Məlumata görə, hazırda İranın "İRNA" və "Tasnim" xəbər agentliklərinə də giriş məhdudlaşdırılıb.

***

Helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian avtomobillə Təbrizə yola düşüblər.

“Report” xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Dövlət televiziyası həmçinin qəza yerinə ilk tibbi yardım qruplarının göndərildiyini bildirib.

***

 

 

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. “Report” xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, “prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb”.

Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.

IRNA isə  məlumat yayıb ki, helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.






Fikirlər