137 milyonluq fırıldaq... - FBI ABŞ-də yaşayan azərbaycanlını saxlayıb
ABŞ-də yaşayan azərbaycanlı Sevindik Hüseynov 137 milyon dollarlıq sığorta dələduzluğuna görə saxlanılıb. "AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin və Federal Təhqiqat Bürosunun (FBI) yaydığı rəsmi məlumatda deyilir. Qeyd olunur ki, S. Hüseynov dövlətə məxsus səhiyyə sığorta proqramlarından ümumilikdə 137 milyon dollar məbləğində vəsaiti qanunsuz yolla əldə etməkdə ittiham olunur. Belə ki, təqsirləndirilən şəxs "Medicare" və "Medicaid" proqramları vasitəsilə göstərilməmiş tibbi xidmətlərə görə ödənişlər tələb edib və saxta sənədlər təqdim etməklə uzun müddət ərzində saxta klinikalar vasitəsilə dövlət vəsaitlərini mənimsəyib. ABŞ prokurorluğunun açıqlamasına görə, Hüseynov öz adına və yaxınlarının adına bir neçə tibb mərkəzi və laboratoriyanı qeydiyyatdan keçirərək, minlərlə “pasiyent” üçün müalicə, analiz və tibbi testlərin göstərildiyini iddia edib. Lakin aparılan araşdırmalar bu xidmətlərin ya heç vaxt göstərilmədiyini, ya da qeyri-qanuni şəkildə şişirdilmiş qiymətlərlə təqdim olunduğunu ortaya çıxarıb. İstintaq zamanı Hüseynovun bu məqsədlə bir neçə saxta şirkət və hesablardan istifadə etdiyi aşkarlanıb. Sevindik Hüseynova qarşı sığorta fırıldaqçılığı, saxtakarlıq və çirkli pulların yuyulması maddələri ilə bir neçə ittiham irəli sürülüb. Əgər məhkəmə tərəfindən təqsiri sübuta yetirilərsə, o zaman Hüseynovu on illərlə həbs cəzası və milyonlarla dollar cərimə gözləyir. Hazırda ABŞ rəsmiləri bu işlə bağlı Azərbaycandakı hüquq-mühafizə orqanları ilə rəsmi əlaqə qurmayıb. Lakin məsələnin beynəlxalq hüquqi çərçivədə qiymətləndirilməsi istisna edilmir.