“RUSİYA 6 MÜSTƏQİL DÖVLƏTƏ PARÇALANMALIDIR” – ““Samaqon” adlı içkinin istehsalı dayandırılmalıdır”
Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev Rusiyada müsəlmanlara və digər azsaylı xalqlara qarşı münasibətin tarixi-siyasi səbəbləri ilə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, imperiya adlanmaq üçün bir dövlət, onun ərazisində yaşayan xalqlara bərabər münasibət sərgiləməlidir: “Əgər bir imperiyada müxtəlif xalqlar yaşayırsa, onlara eyni gözlə baxılmalı, imtiyazlı etnos anlayışı olmamalıdır. Amma Rusiya tarixinin ilk günündən bu prinsipi pozub, digər xalqlara daim yuxarıdan aşağı baxıb”. Rəsul Quliyev qeyd edib ki, bolşevik çevrilişi baş verən 20-ci əsrin əvvəllərində Rusiyada savad səviyyəsi olduqca aşağı idi: “Həmin dövrdə Rusiya əhalisinin cəmi 3 faizi oxuyub-yaza bilirdi. Halbuki, Avropa ölkələrində bu rəqəm 70 faizə yaxın idi. Avropada savadlılıq səviyyəsi hələ 9-10-cu əsrlərdə belə yüksək olmuşdu. Bu o deməkdir ki, ruslar Avropadan azı min il geri idilər. İndi onların Avropaya çatması üçün lazım olan 50 il belə yetərli deyil, çünki Avropa inkişaf etməyə davam edir və bu fərq daha da dərinləşəcək”. “Rus milləti adlı xalq heç vaxt olmayıb” Quliyev vurğulayıb ki, Rusiya adlanan dövlətin tarixi süni şəkildə qurulub. Onun fikrincə, rus milləti anlayışı da sonradan yaradılmış uydurmadır: “18-ci əsrdə alman mənşəli II Yekaterina Rus imperiyası quraraq öz adını tarixə yazdırmaq istəyirdi. Bu məqsədlə tarix yazdırmağa qərar verdi və Karamzin adlı tarixçiyə rusların tarixini yazmağı tapşırdı. Karamzin isə Rusiyada milli yaddaş formalaşdırmaq üçün uydurulmuş qəhrəmanlar - Aleksandr Nevski, Dmitri Donskoy kimi fiqurlar yaratdı. Əslində isə bu şəxslər monqol vergi yığanları idi”. O bildirib ki, Karamzinin yazdıqları tamamilə uydurmadır və tarixi sənədlərin böyük hissəsi məhv edilib. “Karamzinin qələmi ilə rus olmayan ərazilərdəki bu fiqurlar “azadlıq uğrunda qəhrəmanlar” kimi təqdim olunmağa başlandı. Bu, açıq tarixi saxtakarlıq idi”. “Rus ədəbiyyatı dünya klassikası ilə müqayisəyə gəlməz” Rəsul Quliyev qeyd edib ki, Stalin dövründə rus xalqı süni qəhrəmanlıq kultu ilə yetişdirilib: “Stalin və onun təbliğatçıları, bu gün də fəaliyyətini davam etdirən çevrələr - Puşkin, Tolstoy, Dostoyevski kimi yazıçıları dünya klassiklərindən üstün kimi təqdim edirdilər. Halbuki, Mark Tven, Kafka, Dikens, London, Bayron və Höte kimi yazarların əsərləri rus yazıçılarından qat-qat yüksək səviyyədədir. Rus yazıçılarını onlarla müqayisə etmək həm ədəbiyyata, həm də rus xalqına təhqirdir”. “Rusiya iqtisadi, sosial və siyasi cəhətdən çöküb” Eks-spiker qeyd edib ki, Rusiya təbii resurslara görə birinci olsa da, yaşayış səviyyəsinə görə dünya ölkələri arasında geridədir: “Ərazisinə görə birinci olan Rusiya əhalisinin sayına görə 9-cu, həyat səviyyəsinə görə isə 71-ci yerdədir. Aqrar və sənaye istehsalı baxımından isə 80-90-cı yerlərdə qərarlaşıb. Bu, dövlətin bərbad vəziyyətdə olduğunun sübutudur”. “Rusiya parçalanmalı və beynəlxalq nəzarətə keçməlidir” Rəsul Quliyev hesab edir ki, Rusiya ən azı 6 müstəqil dövlətə parçalanmalı və onların hər biri ABŞ, Yaponiya, Çin və Monqolustan kimi dövlətlərin rəhbərliyi altında sivil inkişaf yoluna çıxmalıdır: “Alkoqolizm, xüsusilə də beyni zəiflədən və tərkibi ağır karbohidrogenlərlə zəngin olan “samaqon” adlı içkinin istehsalı dayandırılmalıdır. Rusiyanın nüvə silahları isə dərhal neytrallaşdırılmalı və sonra tamamilə ləğv olunmalıdır”. Rasim Əliyev “AzPolitika.info”