Bakı Apellyasiya Məhkəməsində külli miqdarda saxta pul kəsməkdə təqsirləndirilən Kamerun əsilli Belçika vətəndaşları - Maput Louis Martial və Hongla Samuel barələrindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.
“Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Buna səbəb kimi ilkin qərardan kassasiya şikayəti verilməsi göstərilib.
Şikayətə Ali Məhkəmədə baxılacaq.
Qeyd edək ki, 2015-ci ilin aprel ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Louis Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Yay Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.
Hər iki şəxs Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunublar.
Noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maput Martial və Hongla Samuel 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
AzerTaym.az