VƏKİL ASLAN İsmayılov: BAKIDA 60-a yaxın qumarxana fəaliyyət göstərir
Vəkil Aslan İsmayılov paytaxtda 60-a yaxın qumarxanın fəaliyyət göstərməsi ilə bağlı maraqlı faktlar açıqlayıb. AzerTaym.az xəbər verir ki, bu barədə vəkil “Facebook” səhifəsində yazıb. Aslan İsmayılovun statusunu təqdim edirik: "Uzun müddətdir ki, mənə olan çoxsaylı müraciətlərdən başa düşdüm ki, ölkədəki qumarxanalar bir çox ailələri bədbəxt edib. Məhz buna görə bir müddət idi ki, Bakıda, faktiki olaraq qumarxanalar kimi fəaliyyət göstərən lotoxanalar, internet-klublardakı kazinolar barədə məlumat toplayırdım. Topladığım məlumatlar əsasında gəldiyim nəticəni Sizinlə bölüşürəm. Konkret orqanların, şəxslərin adları mənə bəlli olsa da, burada onu göstərməyəcəm, çünki bu mafiyanın gücünə bələdəm. İmkandan istifadə edib "böhtan atmışam" deyə asanlıqla məni həbs etdirərlər. Ancaq verdiyim məlumatdan istənilən hüquq mühafizə orqanlarına, ölkə rəhbərliyində təmsil olunanlara həmin orqanlar və şəxslər aydın olacaq. Zatən əminəm ki, aydındır, çünki söhbət milyonlardan gedir. Bakı şəhərində 60-a yaxın belə qumarxana fəaliyyət göstərir və bunu bilən hüquq mühafizə orqanları onlardan haqq alırlar. Bakı şəhərində mərkəzi güc strukturlarına aid olan bir Baş İdarənin konkret əməkdaşı həmin qumarxanalara kuratorluq edir və hər ay lotoxanalardan 15 min manat, internet-klublardan, quraşdırılmış aparatlara uyğun olaraq 5-10 manat haqq alır. Bundan əlavə, hər rayonun bir hüquq mühafizə orqanının idarəsi də həmin obyektlərdən aylıq 5 min manat haqq alır. Bölmələrə bu işə qatılmaq qadağan olunub. Bu obyektlər onların ərazisində fəaliyyət göstərsələr də, ora müdaxilə edə bilmirlər. Həmin qumarxanalar KİV-lərin ağzını yummaq üçün də konkret adam vasitəsi ilə onların da haqqını çatdırır. Buna orta hesabla hər təşkilatdan ayda təxminən 3 min manat xərc çıxır. Məhz buna görə də, şəhərin gur yerlərində loto və həmin obyektləri reklam edən bukletlər açıq aşkar satılır. .P.S. Bu yazını Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna rəsmi məktub kimi də qəbul edə bilərlər".