BAYRAMDA rayona getmək istəyənlərin nəzərinə

bitmap-img6

“Martın 18-dən Azərbaycan Dəmir Yolları”nda gücləndirilmiş iş rejiminə keçiləcək”

 

Bunu Lent.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
 
N. Əzməmmədovun sözlərinə görə, bayram günlərində "Azərbaycan Dəmir Yolları”  növbəli iş rejiminə keçəcək: “Bütün strukturlarda, sərhəd keçid məntəqələrində növbəli iş sistemi təşkil olunacaq. Bundan əlavə körpülərdə, stansiyalarda, qatarlarda mühafizə də gücləndiriləcək”.
 
N.Əzməmmədov əlavə edib ki, bayram günləri ərəfəsində artan sərnişin sıxlığını nəzərə alaraq, qatarlara əlavə vaqonlar qoşulacaq: “Hazırda 20-ə qədər vaqon texniki baxışdan keçirilir. Əhalinin sıxlığı həmin vaqonlarla aradan qaldırılacaq. Hansı istiqamətə hansı gündə sərnişin sıxlığı çox olarsa, həmin istiqamətə vaqonların sayı artırılacaq”.
 
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev də Lent.az-a açıqlamasında deyib ki, təmsil etdiyi qurum martın 15-dən 28-nə qədər gücləndirilmiş iş rejimində işləyəcək. 
 
M.Abdullayev deyib ki, sərnişin sıxlığı nəzərə alınaraq əlavə nəqliyyat vasitələrindən də istifadə ediləcək: “ Adi günlərdə 300-320 nəqliyyat vasitəsi, 7000-7500 sərnişin yola salınırdısa, bayram günlərində 16-17 min sərnişin, 600-700 nəqliyyat vasitəsinin yola salınması nəzərdə tutulub”.
 
M. Abdullayev onu da qeyd edib ki, əvvəlki günlərdə  olduğu kimi bayram günlərində də təyin olunmuş bütün qrafiklər üzrə 10 gün əvvəlcədən həm online, həm də qabaqcadan  satış kassaları vasitəsilə bilet satışları həyata keçirilir: “Əlavə dəvət edilən nəqliyyat vasitələrində qiymətlərə nəzarət edilməsi üçün 11 nəfərdən ibarət Qiymət Komissiyası fəaliyyət göstərir. Sərnişinlərə tövsiyə edərdik ki, əvvəlcədən satış-kassalarına yaxınlaşıb bilet alsınlar”.

AzerTaym.az






Fikirlər