Milyonlarla pul hara gedib? - Yağışın üzə çıxardığı rəqəmlər
Bakıda 36 il sonra rekord qıran yağış paytaxtda evlərin, küçələrin gölməçəyə çevrilməsinə, 6-7 saatlıq tıxacların yaranmasına səbəb olub. “Qafqazinfo” xəbər verir ki, “Bizim Yol” qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir ki, iş o yerə çatıb ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri köməksiz vəziyyətdə qalmış 24 nəfəri xilas edib. Paytaxta hər yağıntı düşəndə Bakı Şəhər İcra Hakimiyyəti və şəhərin kommunal, su, yol təsərrüfatına cavabdeh qurumlar ifşa olur. Bu zaman şəhər infrastrukturuna ayrılan vəsaitlərindən kimin nə qədər “yediyi” məsələsi gündəmə gəlir. Bəlli ki, hər təşkliat öz sahəsinə ayrılanın əsas hissəsini həzm-rabedən keçirir, ona görə də yağıntı düşən kimi şəhər iflic vəziyyətə düşür. Xoşbəxtlikdən bu dəfə elektrik enerjisi verilişində qəzalar olmadı, fasilələr yaranmadı. Amma nəzərə alsaq ki, qarşıdan qanlı qış gəlir, deməli çox yaxın gələcəkdə enerjinin də kəsiləməyəcəyindən sığortalanmamışıq. Qəzetin araşdırmasına görə, hər il dövlət büdcəsinin böyük bir hissəsi şəhərin infrastrukturuna ayrılır və bu sahəyə yönəldilən vəsaitlər ilbəil artır. Təkcə bu il büdcədən birbaşa mənzil və kommunal təsərrüfatı sahəsinə 416 763 883 manat vəsait yönəldilib. Bunun 90 651 523 milyon manatı mənzil təsərrüfatına, 311 767 377 milyon manatı da kommunal təsərrüfatına ayrılıb. Bununla yanaşı, mənzil və kommunal təsərrüfatı sahəsi üzrə kommunal, kommunikasiya xidmətləri və digər tədbirlərə 70 milyon manat nəzərdə tutulub. Mənzil və kommunal təsərrüfatı sahəsi üzrə yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası, yenidənqurulması və abadlaşdırılmasına 90 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər sahəsi üzrə kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər 12 milyon manat, yerli xərclərdə nəzərdə tutulmayan zəruri sosial-iqtisadi və digər təyinatlı tədbirlər 11 646 790 manat, şəhər və rayonların yerli xərclərindən maliyyələşən müəssisə və təşkilatlara 160 990 197 manat, bu sahəyə daha 19 866 110 manat, su təsərrüfatına 13 824 432 manat, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə verilən subsidiya 7 436 000 manat, su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı bələdiyyələrə verilən maliyyə yardımı 1 250 000 manat, mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlərə görə 520 551 manat alınıb.
Bu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 3 554 800 000 manat (bundan xarici kreditlər hesabına maliyyələşən infrastruktur layihələr 1 578 000 000 manat, dövlət əsaslı vəsait qoyuluşu üzrə infrastruktur layihələr 1 976 800 000 manat), nəqliyyat 83 174 634 manat, o cümlədən Nəqliyyat Nazirliyi 30 706 006 manat, avtomobil yolları təsərrüfatı 25 021 006 manat, avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsi 5 685 000 manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu 290 milyon manat nəzərdə tutulub. Nəqliyyat Nazirliyinə ayrılıqda 2 687 733 manat, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə 2 092 954 manat, şəhər və rayon icra hakimiyyəti orqanlarının saxlanılmasına da 87 551 525 manat ayrılıb. Bunları ona görə yazırıq ki, son xərclər adıçəkilən qurumların saxlanma xərcləridir, yuxarıda sadalananlar isə birbaşa infrastruktura ayrılan vəsaitlərdir. Yəni, onların məmurların xərclərinə aidiyyatı yoxdur, sırf investisiya üçün, şəhərin infrastrukturunun yaxşılaşdırılmasına nəzərdə tutulub. Məlumdur ki, Prezidentin Ehtiyat Fondundan da hər il kommunal sahələr, infrastrukturun yaxşılaşdırılmasına xeyli miqdarda vəsait ayrılır ki, fondun vəsaitləri də bu il üçün 285 milyon manat təşkil edir. Göründüyü kimi, bir ildə infrastruktur və kommunal sahəyə 5 milyard civarında bir vəsait yönəldilib. Hər il təxminən bu qədər vəsait şəhərin infrastruklturuna ayrılır. Pullar nəzərdə tutulduğu kimi tam təyinatına xərclənsə, biz yağıntının əsirinə çevrilmərik. Bu gün təqdim olunan 2017-ci ilin dövlət büdcəsi layihəsində də mənzil və kommunal təsərrüfatına birbaşa ayrılan vəsaitin həcmi 304 210 693 manat nəzərdə tutulub. Kommunal xərclərdə artım olmadığına görə, gələn il əhaliyə göstərilən xidmətlərdə də qiymət dəyişikliyinə əsas yoxdur. Gələn il dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 1 milyard 860 milyon, tikintiyə 1 milyard 863 milyon 276 min manat göstərilib. Su təsərrüfatına 11 961 000 manat, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 261 milyon manat, nəqliyyat 98 155 073 manat pul aparacaq.