MTN generallarının rütbədən məhrum edilməsi üçün təqdimat YAZILACAQ

Bir müddət əvvəl ləğv edilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan zabitləri ağır cinayətlər törətmələrinə, xeyli vaxtdır həbs edilmələrinə baxmayaraq, hələ də çiyinlərində yüksək hərbi rütbə poqonları daşıyırlar. Əksəriyyəti general-mayor, polkovnik hərbi rütbələrində olan bu quldurların həmin poqonlardan nə zaman məhrum ediləcəyini ictimaiyyət də maraqla gözləyir.

Törətdikləri ağır və bağışlanmaz cinayət əməlləri ilə dövlətin imicini ciddi şəkildə zədələyən bu zabitlər daşıdıqları yüksək rütbələrə görə hələ də hər ay hökumətdən rütbəpulu almaqdadırlar.

Hərbi rütbələrdən, fəxri adlardan, dövlət təltiflərindən məhrumetmə ilə bağlı Modern.az-a danışan hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəzanın növləri var.

“Qanunvericiliyə görə, xüsusi və ya hərbi rütbədən, təltifdən məhrumetmə Cinayət Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq tətbiq edilə bilər. O maddədə göstərilir ki, ağır və ya xüsusi olaraq ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı, məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini, işin digər hallarını da nəzərə alaraq onu xüsusi və ya hərbi rütbədən, fəxri addan, təltifdən məhrum edilməsi barədə həmin rütbəni, fəxri adı, təltifi verən orqana müvafiq təqdimat göndərir”.

Hüquqşünas bildirib ki, bu proses məhkəmənin hökmü zamanı həll olunur.
“Məhkəmə istintaqı başa çatandan sonra, əgər məhkəmə bu qənaətə gəlirsə ki, xüsusi və ya hərbi rütbədən, fəxri addan məhrum etmək üçün təqdimat verilməlidir, bu zaman aşağıdakı hallar müəyyənləşdirilməlidir: 

həmin şəxs ağır və ya xüsusilə ağır cinayət törətmişsə, 8 ildən çox cəza nəzərdə tutulmalıdır. Əgər 8 ildən çox cəza nəzərdə tutulubsa, onda həmin şəxsin rütbəsi alına bilər. Eyni zamanda, təqsirkarın şəxsiyyəti, cəmiyyət üçün, dövlət üçün son dərəcə təhlükəli olması nəzərə alınmalıdır. İndiki halda əgər həmin şəxs keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı olubsa, müxtəlif epizodlar üzrə onun cinayəti sübut edilərsə, eyni zamanda, dövlət üçün ictimai baxımdan son dərəcə təhlükəli hesab olunan əməli aşkar olunarsa məhkəmə həmin rütbəni vermiş orqana təqdimat göndərməlidir”.

Ə.Nuriyev deyib ki, general və daha yüksək rütbələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.

“General və daha yüksək rütbəli şəxslərin rütbədən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməlidir. General rütbəsinə qədər olanlar üçün isə məhkəmə tərəfindən həmin rütbəni verən dövlət orqanına təqdimat göndərilməlidir.

Mən və ya başqa biri kiminsə rütbədən məhrum edilməsi ilə bağlı nə isə söyləsəm, bu, məhkəmə qərarına müdaxilə kimi qiymətləndirilə bilər. Mən hesab edirəm nə qədər ki, məhkəmə istintaqı gedir, məhkəmə istintaqının obyektivliyi, məhkəmə prosesinə təsir etməmək üçün belə fikirlər söylənilməməlidir. Həmin qənaətə məhkəmə özü gəlməlidir. Təbii ki, cinayət işinin materialları, miqyası, baş verən hadisələr, epizodların çoxluğu və ziyanın miqdarı müəyyənləşdirilərək məhkəmə özü hansısa qənaətə gələcək”.

 






Fikirlər