ADP İmişlidə məmurun həbs etdirdiyi jurnalistin müdafiəsinə qalxdı: "Dərhal həbsdən azad EDİLMƏLİDİR"

Məlumat verildiyi kimi, Azərbaycan Demokrat Partiyasının üzvü, İmişli Rayon Təşkilatının yaradıcılarından biri və sabiq sədri, uzun müddət müxtəlif qəzetlərlə əməkdaşlıq etmiş müstəqil jurnalist Məhbub Zülfüqarov yerli məhkəmənin qərarı ilə həbs edilib. 

Verilən məlumata görə, onun həbsinə səbəb Məhbub Zülfüqarlının ölkə rəhbərliyi və hüquq mühafizə orqanlarına qanunsuz əməlləri haqqında şikayət etdiyi məmur və həm də iş adamı kimi tanınan Saleh Səmədovun məhkəməyə etdiyi şikayət olub. 
Belə ki, biznesmen-məmur S.Səmədov, onun qanunsuz əməllərindən şikayətçi olan  Məhbub Zülfüqarlını bir illik həbslə cəzalandırmağa nail ola bilib.
Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti məsələ ilə əlaqədar bəyanat qəbul edib. 
Bəyanatda deyilir:
"Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti, partiyanın Ali Məclisinin üzvü, İmişli Rayon Təşkilatının sabiq sədri, ictimai fəal  Məhbub Zülfüqarlının bir məmurun şikayəti əsasında, ciddi və hərtərəfli araşdırma aparılmadan həbs edilməsini mövcud qanunların və Konstitusion normaların kobud surətdə pozulması kimi qiymətləndirir, İmişli rayon Məhkəməsinin məlum qərarını qərəzli, sifarişli olduğunu qeyd edir və bu faktı qətiyyətlə pisləyir.
ADP İdarə Heyəti hesab edir ki, Məhbub bəyin həbsi, məmur-biznesmen S.Səmədovun və onun yuxarı hakimiyyət eşalonunda duran himayəçilərinin məhkəməyə təsiri və təzyiqi nəticəsində həyata keçirilib. Bu zaman onun hüquqları proses boyunca dəfələrlə kobud şəkildə pozulub, ona vəkil tutaraq özünü müdafiə etmək imkanı belə tanınmayıb.
ADP İdarə Heyəti iqtidarı, dövlətimizin müstəqilliyi və demokratikləşməsi uğrunda mübarizənin fəallarından olan, regional  məmurun qəzəbinə tuş gələrək ağır cəzaya məhkum edilən Məhbub Zülfüqarovu dərhal həbsdən azad etməyə və onun hüquqlarının bərpa edilməsi üçün təcili addımlar atmağa çağırıb.
ADP İdarə Heyəti yerli və beynəlxalq insan hüquq müdafiə təşkilatlarını və demokratik institutları Məhbub Zülfüqarovun qanunsuz həbsinə münasibət bildirməyə, onun hüquqlarının qorunmasına yardım etməyə çağırıb”. 
hurriyyet.org

 






Fikirlər