Aslan İsmayılova cinayət işi açıldı
"Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb". Modern.az xəbər verir ki, hüquqşünas Aslan İsmayılov bu barədə özünün Facebook hesabından məlumat yayıb. O bildirib ki, bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacaq: “Haqqımda təxribat hazırlandığını, həbsimin planlaşdırıldığını çoxdan bilirdim və maksimum ehtiyatlı olmağa çalışırdım. Bütün xəbərdarlıqlara baxmayaraq haqq işimdən dönməyəcəyimi də ən yüksək səlahiyyət sahiblərinə bildirmişdim. Bu günə qədər dediklərimi bir daha təkrarlayıram. Azərbaycana gəldiyim 1989-cu ildən bu günə qədər heç bir dəstədə olmamışam. Bütün varlığımla dövlətim üçün çalışmışam və bundan sonra da çalışacam. Məni həbslə qorxutmaq, tutduğum yoldan çəkindirmək istəyənlərə də bir daha bildirirəm, Azərbaycan mənim Vətənimdir və burada baş verən qanunsuzluqlara, biabırçılıqlara özümü cavabdeh saymışam və sayacam. Bu günə qədər, nə qədər çətin olsa, ittihamlara məruz qalsam da, hakimiyyətə maksimum loyal yanaşmağa çalışmışam, bildiklərimin, gördüklərimin az hissəsini ictimaiyyətə çatdırmışam. Sadəcə, həbsimlə mənə hərəkətlərimdə daha çox azadlıq verəcəksiniz”.