Media SEÇKİÖNCƏSİ təşviqat KAMPANİYASINDA necə iştirak edir?

Ələsgər Süleymanov: “Canlı yayımda  videomüsahibələr də təşkil etmişik, namizədlər bu imkandan da faydalansınlar”

Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkisi ilə əlaqədar seçki marafonunun əsas mərhələlərindən biri olan seçkiqabağı təşviqat dövrüdür. Qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.

Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər arasında dövlət dövri mətbuat nəşrləri tərəfindən ayrılmış pulsuz dərc yerinin bölgüsü məqsədilə püşkatma keçirilir. Rəsmi dövlət qəzeti olan “Azərbaycan” da namizədlərin ödənişsiz əsaslarla təşviqat materiallarına yer ayırıb.

Qeyd edək ki, prezident seçkisində iştirak üçün 8 namizəd qeydə alınıb. Onlar İlham Əliyev, Sərdar Cəlaloğlu,  Qüdrət Həsənquliyev, Zahid Oruc, Araz Əlizadə, Fərəc Quliyev, Razi Nurullayev və Hafiz Hacıyevdir.

Müstəqil mətbuat orqanları isə prezidentliyə namizədlərin təşviqat materiallarını ödənişli əsaslarla dərc etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət ediblər. Bəs görəsən, onlardan hansında ödənişli təbliğat materiallarına yer verilir?

“Yeni Müsavat” da daxil olmaqla, bu sualla bir neçə mətbuat orqanının rəhbərinə müraciət etdik.

Ələsgər Süleymanov ile ilgili görsel sonucu

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov bildirdi ki, qəzetdə namizədlər üçün bərabər şərtlərlə bərabər imkanlar yaradılıb: “Seçkiqabağı ödənişli təşviqat kampaniyası artıq başlayıb. ”Yeni Müsavat" qəzeti  də bu kampaniyada iştirak edir. Artıq bir neçə namizədlə anlaşmamız var, danışıqlarımız davam edir. Bizim qəzet və saytdakı təbliğat materialından əlavə builki seçkidə namizədlər üçün  “Yeni Müsavat” qəzetinin facebook səhifəsi üzərindən canlı yayımda  videomüsahibələr də təşkil etmişik. Mən namizədlərə müraciət edirəm ki, bu imkandan da faydalansınlar".

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd etdi ki, seçkiqabağı təşviqatın ilk həftəsi bayram günlərinə təsadüf etdiyindən təbliğat materiallarının dərcinə  bu gündən başlayacaqlar: “”Bakı Xəbər" qəzeti MSK-ya müraciət edib və bu kampaniyada ödənişli əsaslarla təşviqat materiallarını  dərc etmək üçün namizədlərə şərait yaradıb. Bayram dövrü olduğuna görə hələ ki sifariş almamışıq. Müraciətlər olsa, martın 27-dən etibarən həmin materialların dərcinə başlayacağıq".

Bahəddin Həziyev ile ilgili görsel sonucu

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə bu kampaniyada iştirak üçün MSK-ya müraciət etmədiklərini bildirdi.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov həm ödənişli, həm də ödənişsiz əsaslarla təşviqat materiallarını dərc edəcəklərini vurğuladı: “Bizim bununla bağlı konkret təcrübəmiz var. Mərkəzi Seçki Komissiyası ilə əlaqəli şəkildə işləyirik. Orada başlıca prinsipimiz odur ki, bütün namizədlərə bərabər şərait yaradaq. Bu əsasla da reklam və təbliğat işi qurulub. Bundan başqa, bizim redaksiyada prezidentliyə namizədlərin təşviqat materiallarının hansı ardıcıllıqla  yerləşdirilməsi ilə bağlı püşkatma keçirilib.

Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

Püşkatmada namizədlərin səlahiyyətli namizədləri iştirak ediblər. O püşkatma əsasında da  biz  müvafiq ardıcıllıqla materialları dərc edirik. Qəzetdə ayrılan yerin həcmi isə MSK-nın təlimatına uyğun olaraq müəyyənləşdirilir. Bu prinsiplə biz materialları veririk, sona qədər də bu belə davam edəcək. Bununla yanaşı, ödənişli əsaslarla da təşviqat materiallarını dərc edəcəyik. Bunun şərtləri  də yayımlanıb. Hansı namizəd istəsə müraciət edə bilər. Ödənişli əsaslarla materialların dərc olunmasında heç bir məhdudiyyət yoxdur”.

Qeyd edək ki,  ödənişli seçkiqabağı təşviqat  kampaniyasında iştirak  üçün 9 qəzet MSK-ya müraciət edib. Bunlar “Yeni Müsavat”, “Cümhuriyyət”, “Olaylar”, “Səs”, “Palitra”, “Xalq qəzeti”, “Azərbaycan”, “Həftə içi” və “Xalq cəbhəsi”   qəzetləridir. Prezidentliyə namizədlərin istəyindən asılı olaraq seçicilər məhz bu qəzetlərdə seçkiqabağı təşviqat materialları ilə tanış ola bilərlər.

Qəzetlərdən başqa 19 informasiya agentliyi və xəbər saytı, 6 teleradio şirkəti ödənişli seçkiqabağı təşviqat  kampaniyasına qoşulub.

 






Fikirlər